SpaceX tezliklə Maskı dünyanın ilk trilyonçusu edə bilər
“SpaceX” şirkəti “Starship” raketinin yeni, ən böyük versiyasının ilk startına hazırlaşır və eyni zamanda qiymətli kağızlar bazarına çıxmaq planlarını təsdiqləyir. Bu, İlon Maskı sərvəti 1 trilyon dollardan çox olan ilk insan edə bilər.
Elchi.az xəbər verir ki, “Delfi”nin mənbələrə istinadən verdiyi məlumata görə, şirkət “Wall Street” tarixinin ən böyük IPO-su (səhmlərin ilkin kütləvi təklifi) ola biləcək prosesə hazırlığı aktivləşdirib. Səhmlərin yerləşdirilməsi çərçivəsində “SpaceX”in bazar dəyəri 1,75 trilyon dollara çata bilər ki, bu da şirkətin ən böyük səhmdarı olaraq qalan Maskın sərvətinin əhəmiyyətli dərəcədə artması deməkdir.
Bununla paralel olaraq, “SpaceX” “Starship V3″ün sınaq uçuşuna — bu raketin artıq 12-ci sınağına hazırlaşır. Əvvəlki sınaqlar müxtəlif nəticələr vermişdi: buraxılışların bir hissəsi uğursuz olmuş, sonuncular isə ümumilikdə uğurlu hesab edilmişdi.
Lakin “Starship” hələlik tamdəyərli orbital uçuş həyata keçirməyib və bəyan edilən 100–150 tonluq yükqaldırma qabiliyyətini təsdiqləməyib. Şirkət həmçinin NASA-nın Ay proqramı (HLS) üçün əsas texnologiya hesab olunan orbitdə yanacaqdoldurma prosesini də sınaqdan keçirməlidir.
124 metr uzunluğundakı yeni raket mayın 22-də, yerli vaxtla gecə yarısından qısa müddət sonra start götürməlidir. O, yenilənmiş “Raptor” mühərrikləri və təkmilləşdirilmiş konstruksiya, o cümlədən artıq birinci pilləyə geri qayıdan çoxdəfəlik birləşdirici halqa ilə təchiz olunub.
Məryəm