Rusiya görün NƏYƏ HAZIRLAŞIR – 15 gündən 60 günə qədər davam edəcək

Rusiya Baş Qərargahı 2026-2027-ci illərdə əlavə olaraq 600 min nəfərin səfərbərliyə cəlb edilməsini nəzərdə tutan plan hazırlayıb. Hər il 300 min nəfərin cəlb olunması planlaşdırılır. Onların ilk növbədə Ukraynaya qarşı döyüşən bölmələrin və yeni yaradılan hərbi hissələrin komplektləşdirilməsinə göndərilməsi nəzərdə tutulur.

bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin birgə brifinqində məlumat verilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya Baş Qərargahı bu və gələn il müəyyən müddətlərdə əlavə 600 min nəfərin səfərbərliyə cəlb olunması variantını artıq hazırlayıb.

“İlk növbədə Ukraynalılara qarşı döyüşən birləşmə və hərbi hissələrin, həmçinin hazırda formalaşdırılan Rusiya qoşunlarının bölmələrinin komplektləşdirilməsi planlaşdırılır”, – deyə qurum bildirib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyada cəbhədə itkilərin artması və müqaviləli hərbçilərin orduya cəlb olunmasının yavaşlaması səbəbindən əlavə səfərbərlik imkanına baxılır.

“2026-cı ilin yanvar–iyul aylarında Rusiyanın canlı qüvvə itkiləri təxminən 240 min nəfər təşkil edib. Onlardan ən azı 140 mini geri qaytarılmaz itkilərdir. Eyni dövrdə müqavilə əsasında 232 min nəfər orduya cəlb olunub”, – deyə idarədən bildirilib.

Qeyd olunur ki, yeni səfərbərlik dalğasına hazırlıq çərçivəsində Rusiya qanunvericiliyə dəyişiklik edir, hərbi qeydiyyatı sərtləşdirir və məhbuslar arasında hərbi xidmətə cəlbetməni genişləndirir. Xüsusilə silah, partlayıcı, radioaktiv və narkotik maddələrin qaçaqmalçılığına, quldurluğa, cinayətkar qruplaşmalarda iştiraka və qanunsuz miqrasiyanın təşkilinə görə məhkum edilmiş şəxslərin hərbi xidmətə buraxılması planlaşdırılır.

Bundan əlavə, Rusiya rəhbərliyi cəza çəkən qadınların müəyyən kateqoriyalarının səfərbərlik və ya müqaviləli hərbi xidmətə cəlb edilməsini də təsdiqləyib.

Səfərbər olunan şəxslərin hazırlığı 15 gündən 60 günədək davam edə bilər. Kəşfiyyat məlumatlarına görə, onların bir hissəsi Belarusdakı poliqonlarda təlim keçə bilər.

Rusiya daxilindəki sənədlərdə səfərbərliyə ehtiyacın səbəbləri arasında regionlarda müharibədən narazılığın artması – bəzi yerlərdə 69 faizə qədər – və müqavilə imzalamaq istəyənlərin sayının azalması da göstərilir.

Rusiya artıq elektron səfərbərlik çağırış vərəqələrini tətbiq edib və əlavə məhdudiyyətlər hazırlayır. Bunların sırasında ölkədən çıxışa, kredit götürməyə, daşınmaz əmlakla bağlı əməliyyatlara qadağa qoyulması, sürücülük vəsiqələrinin ləğv edilməsi və bank hesablarındakı vəsaitlərin bloklanması nəzərdə tutulur.

Ukrayna xüsusi xidmətlərinin qiymətləndirməsinə görə, Rusiya prezidenti Vladimir Putin əlavə səfərbərlik barədə qərarı böyük ehtimalla sentyabrın 18–20-də keçiriləcək Dövlət Duması seçkilərindən sonra qəbul edəcək.

May ayında Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun kontingentinin artırılması barədə tapşırıq verib. Onun sözlərinə görə, bu, Moskvanın həqiqi sülh danışıqları aparmağı planlaşdırmadığını göstərir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir