Pakistan Qətər qazının təhlükəsiz keçidi üçün İranla razılığa gəlib
Pakistan Hörmüz boğazından mayeləşdirilmiş təbii qazla (LNG) dolu ən azı bir Qətər tankerinin keçidini təmin etmək barədə İranla razılığa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.
İyulun əvvəlindən Qətərdəki Ras-Laffan ixrac terminalında yükləndikdən sonra Fars körfəzində gözləmə mövqeyində olan “Al Areesh” gəmisi cümə axşamı səhər saatlarında Hörmüz boğazından keçib. Tanker boğazı transponderi açıq vəziyyətdə keçib və hazırda Pakistana doğru hərəkət edir. Mənbələrdən biri əlavə edib ki, boğazdan təhlükəsiz keçidlə bağlı razılaşma digər tədarüklərə də şamil edilə bilər.
Pakistan ABŞ-nin İrana qarşı əməliyyatı başlayandan bəri kəskin yanacaq qıtlığı ilə üzləşib. Daha əvvəl 2026-cı ildə İslamabad bir neçə LNG partiyasının təhlükəsiz keçidi barədə Tehranla razılığa gəlmişdi. Lakin münaqişənin yenidən alovlanması Pakistana tədarükləri dayandırmışdı. Ölkə Qətərdən gələn yanacaqdan ciddi şəkildə asılıdır — əvvəllər tədarüklərin kəsilməsi elektrik enerjisinin verilməsində kütləvi fasilələrə səbəb olmuşdu. Agentlik qeyd edir ki, fevral ayından bəri Pakistan Qətər tədarüklərini əvəz etmək məqsədilə spot bazarlarından LNG alışına 400 milyon dollardan çox vəsait xərcləmək məcburiyyətində qalıb.
Məryəm