Dünya

NYT: Tramp İrana qarşı yeni hücum planını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni, genişmiqyaslı bir hücum planını nəzərdən keçirdiyi iddia edilir.
Elchi.az xəbər verir ki, “The New York Times” (NYT) qəzetinin məsələdən xəbərdar olan ABŞ və İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ı İrana qarşı 4-7 gün davam edəcək hava əməliyyatında İsrail qüvvələrinə qoşulmağa inandırmaq üçün intensiv səylər göstərir.
Mənbələr bildirirlər ki, Tramp İsrailin xəbərdarlıqlarını – yəni İranın raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatlarını bərpa etdiyi, həmçinin kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirdiyi barədə məlumatları – nəzərə alıb və bu kontekstdə İrana qarşı yeni, genişmiqyaslı hücum planını dəyərləndirir.
ABŞ tərəfindən olan bir mənbə qeyd edib ki, Tramp ABŞ-ın faktiki olaraq “müharibəni uduzduğu” barədə tənqidlərə qarşı həssas yanaşır. Digər bir ABŞ mənbəsi isə bildirib ki, İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək üçün bütün variantlar Prezidentin gündəliyində qalmaqdadır.
Bölgədə hərbi hazırlıqlar
ABŞ mənbələri bildiriblər ki, son bir neçə həftə ərzində ABŞ ordusu bölgədə hərbi gəmilər, qırıcı təyyarələr və bombardmançılardan ibarət ciddi bir qüvvə toplayıb. Onların sözlərinə görə, Tramp razılıq verəcəyi təqdirdə, İranın PUA və raket ehtiyatlarını, enerji obyektlərini, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komanda mərkəzləri və qərargahlarını hədəf alan qısa, lakin intensiv bir əməliyyat başlada bilər.
Bundan əlavə, ABŞ mənbələri bu yaxınlarda İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə batareyasının çatdırıldığını qeyd ediblər. Eyni zamanda, mənbələr bildirirlər ki, İsrailin planlarına təkcə İranın nüvə obyektlərinə yeni zərbələr endirmək deyil, həm də enerji infrastrukturuna genişmiqyaslı hücumlar təşkil etmək daxildir – bu isə həm sənaye, həm də mülki sektorlarda elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Lakin Tramp hələlik belə hərəkətlərə razılıq verməyib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir