Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır

Reklam sahəsi

Azərbaycan Ordusu maddi texniki təminatına, silah arsenalına, texnologiyalarına və peşəkarlığına görə regionun ən güclü orduları sırasındadır.

Elchi.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimində deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub: “Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapmış danılmaz reallıqdır. Bu, ölkəmizin hərbi gücünün göstəricisi, Azərbaycan Ordusuna olan inamın bariz nümunəsidir. Bu il Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən 6 il ötür. Bu, təkcə hərbi üstünlük deyil, milli birliyimizin, Ali Baş Komandanın siyasi iradəsinin və ordumuzun peşəkarlığının təntənəsi idi”.

Zakir Həsənov qeyd edib ki, bu gün məzun olan hər bir kursant xidmət yerindən asılı olmayaraq öz sahəsinin lideri olmalıdır: “Siz gələcəyin rəisləri, komandirləri olacaqsınız. Hərbi Tibb fakültəsinin məzunları isə yalnız peşəkar hərbi həkimlər deyil, eyni zamanda hər bir döyüşçünün həyatını qoruyan fədakar zabitlərdir. Zabitlərin yüksək səviyyədə hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin rolunu da qeyd etmək istəyirəm. Mən buna görə onlara təşəkkürümü bildirirəm. Bu gün məzunların arasında tərəfdaş, dost Qırğızıstan və Tacikistandan olan kursantlar da var. Onlar burada sahib olduqları bilik və bacarıqlarını ölkələrində tətbiq etməklə yanaşı dövlətlər arasında dostluğu daha da möhkəmləndirəcəklər”.

Nazir əlavə edib ki, məzun olan kursantlar qalib ölkə statusunu qazanmış Azərbaycanı müqəddəs əmanət olaraq gələcək nəsillərə ötürməlidir: “Azərbaycan Respublikasının qanunlarına, hərbi nizamnamənin tələblərinə riayət etməli, xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməlisiniz”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir