Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb – YENİLƏNDİ
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.
Bu gün təşkil olunan nüəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
***
09:43
Bu gündən 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır.
Elchi.az xəbər verir ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.
Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatı şəxsi kabinetləri vasitəsilə əvvəlcədən əldə ediblər.
Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.
Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.