Fransa istilərə görə iki nüvə reaktorunun işini dayandırıb
Fransanın ən böyük enerji şirkəti olan EDF (Électricité de France) rekord istilər fonunda ehtiyat tədbiri olaraq iki nüvə reaktorunun işini dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Channel News Asia” EDF-yə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, söhbət Fransanın şimalında, Sena çayı üzərindəki Nojan-sür-Sen atom elektrik stansiyasının (AES) və ölkənin cənub-şərqində, Lion yaxınlığındakı Rona çayı üzərindəki Büje AES-nin reaktorlarından gedir.
Qərar ətraf mühiti qorumaq və temperaturu anomal istilər səbəbindən onsuz da yüksəlmiş çaylara həddindən artıq isinmiş suyun axıdılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
“Ölkənin enerji təchizatında mühüm rol oynayan elektrik stansiyaları reaktorları soyutmaq üçün çay suyundan istifadə edir, bundan sonra su artıq isinmiş vəziyyətdə qayıdır”, – məlumatda bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Nojan-sür-Sen AES Senaya qaytarılan suyun temperaturunun yüksəlməsini məhdudlaşdırmaq və bununla da su ekosisteminə təsiri azaltmaq üçün reaktorların birində elektrik enerjisi istehsalını azaldıb.