FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

Reklam sahəsi

Fövqəladə Hallar Nazirliyi (FHN) isti hava şəraiti ilə əlaqədar həftəsonu istirahət üçün su hövzələrinə üz tutacaq vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Elchi.az xəbər verir ki, nazirliyin müraciətində bildirilib ki, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın temperaturunun bəzi yerlərdə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Belə hava şəraitində vətəndaşların kütləvi şəkildə su hövzələrinə üz tutacağı gözlənilir.

FHN qeyd edib ki, bəzi hallarda təhlükəsizlik qaydalarına əməl edilməməsi faciəvi nəticələrə səbəb olur.

Nazirlik vətəndaşlara xatırladıb ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır. Həmçinin çimmə zonasının müəyyən edilmiş sərhədlərindən kənara üzmək, eləcə də xilasedici vasitələr istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq yol verilmir.

Müraciətdə vurğulanıb ki, uşaqlar çimərlikdə nəzarətsiz buraxılmamalı, xəbərdaredici nişan və lövhələrin tələblərinə, xilasedicilərin göstərişlərinə mütləq əməl olunmalıdır. Qızmar günəş altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra suya girmək də təhlükəli hesab olunur.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağıraraq bildirib ki, təhlükə ilə üzləşdikdə dərhal 112 qaynar xəttinə müraciət edilməlidir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir