Böyük Britaniya müdafiəyə əlavə olaraq 15 milyard funt sterlinq ($19,8 milyard) ayıracaq

Reklam sahəsi

Böyük Britaniya müdafiə sahəsinə əlavə olaraq 15 milyard funt sterlinq (19,8 milyard dollar) yönəldəcək.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Reyçel Rivs müdafiə investisiya planını təqdim edərkən bəyan edib.

“Dünya dəyişib, milli təhlükəsizlik həm də iqtisadi təhlükəsizlik deməkdir. Bu gün biz müdafiə xərclərini daha da artırırıq. Hökumətin xərc prioritetlərinin yenidən nəzərdən keçirilməsi çərçivəsində əlavə 15 milyard funt sterlinq maliyyələşmə şəklində ayrılacaq”, — deyə Rivs bildirib.

Rivsdən sonra kürsüyə çıxan Baş nazir Kir Starmer isə qeyd edib: “Beləliklə, biz növbəti dörd il ərzində silahlı qüvvələrimizi və milli təhlükəsizliyimizi gücləndirmək üçün təxminən 300 milyard funt sterlinq xərcləməklə yeni rekorda imza atırıq”. Hələ bir il əvvəl vəd edilmiş müdafiə planının təqdimatını “Sky News” telekanalı canlı yayımlayıb.

“The Daily Telegraph” qəzetinin qeyd etdiyinə görə, elan edilən investisiyalara baxmayaraq, Böyük Britaniya müdafiə xərclərinə görə yenə də NATO-nun aparıcı ölkələrindən geri qalacaq.

“Sky News”un məlumatına görə, Starmer ölkənin müdafiə xərclərini yol şəbəkəsinin inkişafı və energetika layihələrinə qoyulan investisiyaları azaltmaq hesabına artırmağı planlaşdırdığını, lakin istiqraz emissiyasına (buraxılışına) əl atmayacağını bildirib.

Baş nazir izah edib ki, müdafiənin maliyyələşdirilməsi “çətin, lakin zəruri tədbirlərin görülməsini tələb edir”. Hökumət başçısının sözlərinə görə, maliyyələşmə “dövlət qurumları arasında xərclərin yenidən bölüşdürülməsi” hesabına təmin ediləcək — digər bütün nazirliklərin büdcəsi 1% azaldılacaq. Baş nazir yenidən silahlanma üçün lazımi vəsaiti cəlb etmək məqsədilə istiqraz buraxılması ideyasını rədd edib.

Müdafiə sahəsinə əlavə investisiyaların elan edilməsindən sonra London Fond Birjasında Britaniyanın hərbi sənaye şirkətlərinin səhmləri bahalaşmağa başlayıb. Belə ki, PUA (pilotsuz uçuş aparatları) istehsalı ilə məşğul olan “Qinetiq” və “BAE Systems” şirkətlərinin səhmləri müvafiq olaraq 7,20% və 1,85% yüksəlib. Böyük və yüksək hündürlükdə uçan hərbi dronlar üçün mühərrik istehsal edən “Rolls-Royce” şirkətinin səhmləri 2,84%, “Babcock International” və “Chemring” şirkətlərinin qiymətli kağızları isə müvafiq olaraq 3,30% və 5,95% dəyər qazanıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir