Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

Reklam sahəsi

Tədris ilinin bitməsi Bakıda kirayə mənzil bazarına hər il təkrarlanan mövsümi təsir göstərir. Xüsusilə iyun ayından etibarən tələbələrin şəhəri tərk etməsi kirayə evlərə olan tələbatı azaldır və bu da bazarda qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə cüzi enişə səbəb olur.

Elchi.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov Milli.Az-a bildirib ki, hazırda Bakıda kirayə mənzil qiymətləri ərazi və mənzilin şəraitindən asılı olaraq geniş diapazonda dəyişir.

“Mərkəzə yaxın və metroya çıxışı olan ərazilərdə 1 otaqlı mənzillərin kirayəsi orta hesabla 400-600 manat, 2 otaqlı mənzillər 500-800 manat, 3 otaqlı mənzillər isə 700-1100 manat aralığında təklif olunur. Şəhər kənarına doğru getdikcə qiymətlər nisbətən aşağı olur və 1 otaqlı mənzillər 250-400 manat aralığında dəyişir. Tədris ilinin bitməsi ilə tələbə seqmentinin bazardan çıxması xüsusilə Nəsimi, Yasamal və Nərimanov rayonlarında daha çox hiss olunur. Bu ərazilərdə əvvəllər tələbələr tərəfindən yüksək tələbat olduğu üçün kirayə qiymətləri daha sabit və bəzən yüksək səviyyədə qalırdı. İyun-iyul aylarında isə ev sahibləri daha tez kirayəçi tapmaq üçün qiymətlərdə 5-10 faiz aralığında endirim etməyə meyilli olurlar”.

Ekspert qeyd edib ki, bununla yanaşı, yay aylarında bazarda qısa müddətli kirayələrə maraq artır.

“Dənizə yaxın və istirahət zonalarına çıxışı olan mənzillər günlük və aylıq icarəyə daha çox təklif olunur. Bu seqmentdə qiymətlər isə yerləşmədən asılı olaraq günlük 40-120 manat aralığında dəyişir.

Ümumilikdə, kirayə bazarında ən sakit dövr məhz tədris ilinin bitdiyi yay ayları hesab olunur. Sentyabr ayına doğru isə tələbələrin yenidən Bakıya qayıtması ilə birlikdə kirayə mənzillərə tələbat artır və qiymətlərdə yenidən 10-20 faiz aralığında yüksəliş müşahidə olunur”, – deyə ekpert vurğulayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir