ABŞ UFO-larla bağlı məxfiliyi ləğv edilmiş sənədlərin yeni hissəsini dərc edib
ABŞ Müdafiə Nazirliyi cümə günü naməlum uçan obyektlərlə (UFO) bağlı xəbərləri əks etdirən və əvvəllər məxfi saxlanılan sənədlərin ikinci hissəsini dərc edib.
Elchi.az xəbər verir ki, materiallarda yaşıl sferalar, disklər və alovlu kürələrin müşahidə edilməsinə dair şəhadətlər yer alıb.
Nazirliyin məlumatına görə, bu nəşr Prezident Donald Trampın sərəncamı ilə başladılan “naməlum anomal hadisələr” barədə məlumatların açıqlanması prosesinin davamıdır. Sənədlərin birinci hissəsi mayın 8-də ictimaiyyətə təqdim olunmuşdu.
Müdafiə naziri Pit Heqset bəyan edib ki, dərc olunan fayllar, fotoşəkillər və videomateriallar uzun müddət cəmiyyətdə müxtəlif fərziyyələrə səbəb olub və artıq vətəndaşlar üçün əlçatan olmalıdır.
“Amerika xalqının bunu öz gözləri ilə görməsinin vaxtı çatıb”, — deyə onun bəyanatında bildirilir.
Yeni buraxılışda ümumilikdə 222 fayl yer alıb. Onlardan biri, 1948–1950-ci illərdə Sandia (Nyu-Meksiko ştatı) yaxınlığındakı məxfi obyektin ətrafında qeydə alınmış müşahidələrlə bağlı 116 səhifəlik materialı əhatə edir.
Sənəddə hərbi bazanın yaxınlığında “yaşıl sferalar”, “disklər” və “alovlu kürələr”in müşahidə edildiyi 209 hadisə qeydə alınıb.
Bununla belə, ekspertlər qeyd edirlər ki, əvvəllər dərc edilmiş materiallarda yadplanetli texnologiyaların və ya həyatın mövcudluğuna dair heç bir təsdiq tapılmayıb, sadəcə bəzi izah olunmayan insidentlər qeydə alınıb.
Məryəm