ABŞ Milli Kəşfiyyatında irimiqyaslı ixtisarlar başlayıb
İyunun 22-də ABŞ Milli Kəşfiyyatında direktor vəzifəsini icra edən Uilyam Pultenin keçirməyi planlaşdırdığı irimiqyaslı ixtisarlar başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Ən kəskin ixtisarların Milli Antiterror Mərkəzi və Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinə şamil olunacağı gözlənilir. Cənab Pulte ümumilikdə ABŞ-ın bütün kəşfiyyat xidmətlərinin işini əlaqələndirən Milli Kəşfiyyat Direktorunun Ofisində (ODNI) yüzlərlə ştatı ləğv etməyi planlaşdırır.
Senat və Nümayəndələr Palatasının kəşfiyyat komitələrinin aparıcı demokratları Mark Uorner və Cim Hayms xəbərdarlıq ediblər ki, bu cür addımlar milli təhlükəsizliyə birbaşa təhdid yaradır. Onlar xatırladıblar ki, direktor vəzifəsini icra edənin kəşfiyyat sahəsində iş təcrübəsi yoxdur və köklü kadr dəyişiklikləri Konqreslə məsləhətləşmələr aparılmadan reallaşdırılmamalıdır.
CNN-in qeyd etdiyinə görə, Ağ Ev cavab olaraq Donald Trampın qurumun məcburi “optimallaşdırılması” barədə bəyanatına istinad edib.
Uilyam Pulte iyunun 2-də Tulsi Qabbardı bu postda əvəz edib, Qabbardın istefası isə iyunun 30-da qüvvəyə minəcək. Xanım Qabbardın istefasının rəsmi səbəbi kimi yoldaşının ağır xəstəliyi göstərilib. Lakin Vaşinqtondakı müşahidəçilər hesab edirlər ki, buna həm də onun Ağ Evlə münasibətlərindəki böhran səbəb ola bilər.
Məryəm