Ceki Çan döyüş komediya janrında olan “Pik saatı” (“Rush Hour”) filminin dördüncü hissəsində iştirak etmək üçün müqavilə imzalayıb. Franşizanın əvvəlki filmlərindəki tərəf-müqabili Kris Taker də müqavilə bağlamağa yaxındır.
Elchi.az xəbər verir ki, bu barədə seriyanın prodüseri Artur Sarkisyan “Puck” nəşrinin jurnalisti Metyu Belloniyə müsahibəsində bildirib.
Prodüserin sözlərinə görə, filmin davamı ilə bağlı uzun illərdir davam edən hazırlıq işləri nəhayət ki, yerindən tərpənib. Əvvəllər çəkilişlərə 2026-cı ilin payızında başlamaq planlaşdırılsa da, baş rol ifaçıları ilə danışıqların uzanması səbəbindən proses təxirə salınıb.
İndi yaradıcı heyət işlərə 2027-ci ilin yazında başlamağı nəzərdə tutur. Çəkilişlərin Çin, İtaliya, Səudiyyə Ərəbistanı və Afrika ölkələri də daxil olmaqla bir neçə ölkədə aparılması planlaşdırılır. Ekran işinin istehsal büdcəsi təxminən 120 milyon dollar həcmində qiymətləndirilir.
Seriyanın əvvəlki üç filminin rejissoru olmuş Brett Ratner yenidən rejissor kürsüsündə əyləşəcək. Filmin distribütorluğunu isə franşizanın hüquq sahibi “Warner Bros.” ilə müqavilə imzalamış “Paramount Pictures” şirkəti həyata keçirəcək. “Puck” nəşrinin məlumatına görə, studiya filmin yayımına görə kassa gəlirlərinin 12%-ni əldə edəcək.
Məryəm