Avropa və Yaponiyanın birgə layihəsi olan “BepiColombo” kosmik gəmisi səkkiz illik səyahətdən sonra Merkuri orbitinə daxil olan ikinci aparat oldu; lakin onun hərəkət sistemində nasazlıq aşkar edildiyi bildirilir.
Elchi.az xəbər verir ki, səkkiz illik səyahətdən sonra Avropa və Yaponiyanın birgə missiyası olan “BepiColombo” kosmik gəmisi Günəş sisteminin ən kiçik və Günəşə ən yaxın planeti olan Merkurinin orbitinə daxil oldu. Bununla belə, Avropa Kosmik Agentliyi (ESA) kosmik gəminin mühərriklərində texniki nasazlıq yarandığını açıqladı.
Ölçüsü Ay-dan bir qədər böyük olan Merkuri, Günəş sisteminin daxili dörd planetindən ən az tədqiq olunmuşudur. “BepiColombo” bu planeti ziyarət edən üçüncü, orbitinə daxil olan isə ikinci kosmik gəmidir.
Bu missiya Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Şənbə günü ESA “BepiColombo”nun orbitə uğurla daxil olduğunu təsdiqlədi. Bazar günü sosial şəbəkələr vasitəsilə yayılan açıqlamada agentlik qeyd etdi ki, kosmik gəmi orbitə nəzərdə tutulduğu kimi daxil olsa da, “proqram təminatı ilə bağlı problem” səbəbindən manevr zamanı mühərriklərin işləmə müddəti planlaşdırılandan daha qısa olub.
ESA bəyan etdi ki, “kosmik gəmi təhlükəsiz vəziyyətdədir, ESOC (Avropa Kosmik Əməliyyatlar Mərkəzi) komandaları isə baş verənlərin səbəbini araşdırırlar”. Agentlik həmçinin əlavə etdi ki, gələcəkdə vəziyyətlə bağlı yeni məlumatlar veriləcək.
Şayəstə