Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqları iyunun 15-də başlayır

Reklam sahəsi

Moldova və Ukraynanın Aİ-yə üzvlüyü barədə danışıqların iyunun 15-də Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans zamanı başlanması planlaşdırılır.

Elchi.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, indiyədək Zakarpatyedəki macarıstanlı azlıqla bağlı problemlər səbəbindən Ukraynanın birliyə daxil olması üçün danışıqların başlamasını əngəlləyən Macarıstan öz vetosunu götürəcəyinə dair siqnal verib. Nəşr eyni zamanda qeyd edir ki, Budapeşt hələ rəsmi razılıq verməyib, lakin mənbələr iddia edir ki, Avropa Komissiyası Viktor Orbanın hakimiyyəti illərində dondurulmuş 16,4 milyard avroluq Aİ fondlarını Macarıstan üçün sərbəst buraxacağını vəd etdikdən sonra, onun rəqibi və xələfi Peter Madyar Kiyevlə danışıqların başlanmasını təsdiqləyəcək.

Danışıqların başlanması barədə qərar Aİ ölkələri tərəfindən yekdilliklə təsdiq edilməlidir.

Aİ-nin heç bir ölkəsi Moldova ilə danışıqların aparılmasına etiraz etmirdi, lakin Avropa İttifaqının genişlənmə təcrübəsinə uyğun olaraq, bu ölkə eyni “qrup” və ya “genişlənmə dalğası” çərçivəsində Ukrayna ilə sıx şəkildə bağlıdır və onlar bu prosesin bütün mərhələlərini yalnız sinxron (eyni vaxtda) keçə bilərlər.

Qəbulla bağlı danışıqların başlaması ölkənin Aİ-yə üzv olmasına zəmanət vermir və bu proses üçün hər hansı bir zaman çərçivəsi təyin etmir. Məsələn, Türkiyə Aİ-yə daxil olmaq üçün danışıqlara 2005-ci ildə başlayıb, lakin onların başa çatması perspektivləri bu gün də görünmür.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir