İraqın birləşmiş təhlükəsizlik qüvvələri hərbiləşdirilmiş qruplaşmaların neft və neft məhsullarını qaçaqmalçılıq yolu ilə çıxardığı Curf əs-Səxr rayonuna daxil olub.
Elchi.az xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.
İraq təhlükəsizlik qüvvələrinin nümayəndəsinin sözlərinə görə, federal qüvvələrin Curf əl-Səxr rayonunda yerləşdirilməsi zamanı heç bir qayda pozuntusu və ya qarşıdurma qeydə alınmayıb. O, terrorizmlə mübarizə bölmələrinin həmin rayona guya havadan desant çıxarma əməliyyatı keçirməsi barədə yayılan məlumatları təkzib edib.
Enerji obyektlərinin mühafizəsi üzrə polis rəisi general Həmid əl-Hüseyni bildirib ki, tabeliyində olan bölmələr Curf əl-Səxr ərazisindən keçən neft kəmərinin mühafizəsinə başlayıb. Onun sözlərinə görə, regiondakı 100 kilometrlik boru kəmərinin artıq 95 kilometri nəzarət altına alınıb. General əlavə edib ki, trassa boyunca hər 500 metrdən bir nəzarət-buraxılış məntəqələrinin yaradılması üçün hərbi hissələrlə koordinasiya aparılır.
Ötən gün İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı səlahiyyətlərini icra edən Baş nazir Əli əl-Zeydi Curf əl-Səxr regionu üzərində nəzarətin federal güc strukturlarına təhvil verilməsi ərəfəsində ordunun bütün bölmələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi və bu ərazinin inzibati sərhədləri daxilində tapşırıqları yerinə yetirən təhlükəsizlik bölmələrinə rəhbərlik edəcək komandanlıq qərargahının yaradılması barədə əmr verib.
Məryəm