İrəvanın Zəngəzur dəhlizini təkbaşına qorumaq vədi
Bakıdan Tehran rəsmisinin iddialarına sərt reaksiya: “ABŞ-də seçkidə kimin qələbə çalmasından asılı olmayaraq, Zəngəzur dəhlizi ya açılacaq, ya açdırılacaq!”
Ermənistan ABŞ-nin iştirakı ilə həyata keçiriləcək TRIPP layihəsinin (Zəngəzur dəhlizi) regionun sərhədlərini və geosiyasi konfiqurasiyasını dəyişdirməyəcəyinə dair İrana təminat verib. İrəvan həmçinin tikinti işlərinin Ermənistan şirkətləri tərəfindən aparılacağını, ABŞ hərbçilərinin isə layihənin ərazisində yerləşdirilməyəcəyini bildirib. “Yeni Müsavat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib. “İran hadisələrin inkişafını diqqətlə izləyir. Çünki ABŞ-nin regionda mövcudluğu və işlərə müdaxiləsi daim qeyri-sabitlik və təhlükəsizlik təhdidləri ilə müşayiət olunur”, – deyə Bəqayi bildirib.
Xatırladaq ki, Ermənistanla ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı çərçivə sazişi bu ilin iyununda imzalanıb. Sənədə əsasən, layihənin reallaşdırılması üçün “TRIPP Development Company” adlı birgə müəssisənin yaradılması nəzərdə tutulur. Şirkətin ABŞ tərəfi ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) tam mülkiyyətində olacaq TDC US qurumu vasitəsilə təmsil ediləcək. İlkin razılaşmaya görə, ABŞ-ın şirkətdəki payı 74 faiz, Ermənistanın payı isə 26 faiz təşkil edəcək. Layihənin ilkin müddəti 49 ildir. Tərəflər əməkdaşlığı əlavə 50 il uzatmaq barədə razılığa gəlsələr, Ermənistanın payı 49 faizə yüksələcək, ABŞ-nin payı isə 51 faiz olacaq.
Bəs dəhlizin təhlükəsizliyini kim təmin edəcək? Çərçivə sazişində bu məsələyə də aydınlıq gətirilib. Sənədə görə, TRIPP-in Ermənistan ərazisindəki hissəsində suverenlik və yurisdiksiya İrəvanda qalır. Sərhəd təhlükəsizliyi, gömrük, miqrasiya nəzarəti, hüquq-mühafizə və dövlət idarəçiliyi Ermənistanın məsuliyyətində olacaq. ABŞ isə sərhəd təhlükəsizliyinin müasirləşdirilməsi, texniki imkanların artırılması və müvafiq qurumların hazırlığına dəstək verə bilər. Özəl təhlükəsizlik xidmətlərinin cəlb edilməsi nəzərdə tutulduğu halda, onların Ermənistan qanunvericiliyinə uyğun lisenziyalaşdırılması tələb olunur.
Beləliklə, sənəd ABŞ hərbçilərinin dəhlizdə yerləşdirilməsini nəzərdə tutmur. Lakin layihənin təhlükəsizliyinin hansı konkret mexanizmlərlə təmin ediləcəyi, özəl operatorların səlahiyyətlərinin harada başlayıb harada bitəcəyi və Ermənistanın nəzarətinin praktikada necə həyata keçiriləcəyi hələ də diqqət tələb edən məsələlərdir. O halda, İrəvan Tehranı “yola verir”, yoxsa İranın “qırmızı xətti” qorumağa məcbur olacaq?

Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü və İctimai Diplomatiya Mərkəzinin rəhbəri İsmayıl Bəqayinin bu açıqlamasında yeni heç nə yoxdur: “Çeynənmiş sözlərdir, üstəlik də Azərbaycanda qətiyyən önəmsənilmir. Mən çoxdan bu fikirdəyəm ki, İran rəsmilərinin TRIPP-lə bağlı guya Ermənistana yönəlik hədələri İrəvandakı Göy məscidin ibadət zalına Yeğişe Çarentsin adının verilməsi, orada portretinin asılması kimi birgə məkrdir. XVIII əsrdə İrəvan xanı Hüseynəli xan Qacarın – türk oğlu türkün tikdirdiyi, Ermənistanda sovet hakimiyyəti qurulanadək ancaq azərbaycanlıların ibadət etdiyi məscidi dünyaya fars-hay birgə “mədəni irsi” kimi sırımağa çalışanlar və bu zaman məscidin kilsə olmadığını, dinimizin orada hər hansı portretin asılmasını qadağan etdiyini unudanlar sözügedən tədbirdə göylərə qaldırdıqları Firdovsinin məzarı üstündə Əmir Teymurun nə dediyini unutmamalıdırlar. Yəni bu cür hoqqabazlıqlara və yaramazlıqlara əl atmaqla türkün qarşısını kəsə bilməyəcəklər!”
S.Alıyev rəsmi Tehranın yürütdüyü siyasətlə bağlı digər vacib məqamlara da diqqət çəkdi: “Bəli, İrandakı rejimin Zəngəzur dəhlizi ilə bağlı hədələri nə onun TRIPP adlandırılması, nə də ABŞ-nin kontrolu altında fəaliyyət göstərməsi ilə bağlıdır. Onların istəkləri türk dövlətlərinin və ilk növbədə də Azərbaycanın bu dəhlizdən maneəsiz istifadəsinin qarşısını almaqdır. Təbii ki, İrəvandakı Göy məscidi “fars-hay birgə irsi” kimi təqdim edən Ermənistan hakimiyyətinin də istədiyi elə budur, yəni Azərbaycanın bir hissəsindən digərinə maneəsiz keçid haqqında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdir. Amma alınmayacaq, çünki bu dəhlizin keçdiyi torpaqlarda əsrlər boyu azərbaycanlıların yaşadığını, onun haradan başlanıb, harada bitdiyini nəzərə almamaq onlara baha başa gələr. Deməyim odur ki, Azərbaycanın şərtləri yerinə yetirilmədən Zəngəzur dəhlizi işləməyəcək. Zəngəzur dəhlizi işləməyəcəyi halda isə Ermənistan necə dalanda idisə, elə də qalacaq”.
Deputat İran rəsmisinin mövqeyinin arxasındakı məkrli niyyətdən də bəhs etdi: “Baxın, İsmayıl Bəqayinin bu açıqlamasından belə çıxır ki, Ermənistan guya İrana dəhlizin regionun sərhədlərini və geosiyasi konfiqurasiyasını dəyişdirməyəcəyi haqda lap bu günlərdə təminat verib. Yəni qoca bir manqurtun “Ettelaat”dakı “Açıq və səmimi şəkildə, cənab baş nazir” məqaləsi İrəvanı hərəkətə gətirib. Xeyr, elə deyil! Birincisi, Ermənistan çoxdandır bunu deyir və həmin fikri Nikol Paşinyan da, digər hay rəsmiləri də Tehranda da, digər ikitərəfli görüşlərdə də dəfələrlə təkrarlayıblar. Onda sual ola bilər ki, bəs son bir neçə gündə nə baş verdi ki, Zəngəzur dəhlizi haqda yazdıqları məqalədə kiminsə ayaqlarını qıracaqlarından dəm vuranlar indi tonu dəyişiblər? Heç nə, Şuşa Bəyannaməsinin imzalandığı şəhərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığını növbəti dəfə öz gözləri ilə gördülər. Və anladılar ki, ABŞ-də seçkidə kimin qələbə çalmasından asılı olmayaraq, Zəngəzur dəhlizi ya açılacaq, ya açdırılacaq! Ermənistan isə bu dəhlizdə hərəkət rejimi ilə bağlı üzərinə götürdüyü öhdəliyə ya əməl edəcək, ya əməl etdiriləcək! İranın “qırmızı xətti” qoruyub-qorumayacağı haqda sualınıza isə sualla cavab vermək istərdim: o “qırmızı xətti” cızanları qoruya bildilərmi?”