ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Syuzi Uaylsı vəzifəsindən uzaqlaşdıraraq onun yerinə sərt siyasi mövqeyi ilə tanınan Stiven Milleri təyin edib.
XEBERLERAZ.COM xəbər verir ki, ABŞ mediasının məlumatına görə, bu dəyişiklik Vaşinqtonda siyasi rəhbərliyin yenidən formalaşdırılması baxımından mühüm addım hesab olunur.
Məlumata əsasən, Trampın ən etibarlı müşavirlərindən biri olan Miller noyabrın 9-dan Ağ Evin aparat rəhbəri vəzifəsinin icrasına başlayacaq. Uayls isə prezidentin siyasi komandasında fəaliyyətini davam etdirəcək.
Qərar ABŞ-də aralıq seçkilərdən sonra siyasi vəziyyətin gərginləşdiyi dövrə təsadüf edir. Məlumatlara görə, Uayls noyabrın 5-də istefa ərizəsini təqdim edib.
Yeni aparat rəhbəri Stiven Miller Tramp administrasiyasında ən sərt siyasi xəttin tərəfdarlarından biri kimi tanınır. O, xüsusilə miqrasiya məhdudiyyətlərinin, kütləvi deportasiya siyasətinin və sərt daxili təhlükəsizlik tədbirlərinin əsas təşəbbüskarlarındandır.
Aparat rəhbəri prezidentin gündəlik iş qrafikinin, görüşlərinin, administrasiya daxilində qərarların əlaqələndirilməsinin və prezidentə təqdim olunan məlumatların idarə edilməsində mühüm rol oynayır. Millerin bu vəzifəyə gətirilməsi onun Ağ Evdə siyasi qərarların hazırlanmasına təsir imkanlarını genişləndirəcək.
Dəyişiklik İranla müharibənin və Vaşinqtonun Tehranla münasibətlərində ciddi gərginliyin davam etdiyi zamanda baş verdi. ABŞ mediasında Millerin yüksəlişi Tramp administrasiyasında daha sərt siyasi xəttin güclənməsi kimi qəbul edilir.
Syuzi Uayls Trampın 2024-cü il prezident seçkiləri kampaniyasına rəhbərlik edib və ABŞ tarixində Ağ Evin aparat rəhbəri vəzifəsini tutan ilk qadın olub.
Musavat.com