Seuldan Bakıya uzanan yeni xətt – 2028-ci ildə…

“Seulda sentyabrın 16 və 17-də ilk dəfə “Mərkəzi Asiya – Koreya Respublikası” sammiti keçirilib. Bu sammit Cənubi Koreyanın daha əvvəl elan etdiyi “Yeni şimal siyasəti” təşəbbüsünün gücləndirilməsinə xidmət edib. Bu strategiya Avrasiyada sülh və birgə rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəlib”.

Bu barədə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, belə bir şəraitdə Azərbaycanın bu platformada iştirakı məsələsi də xüsusi əhəmiyyət qazanır:

“Sammitdə Mərkəzi Asiya liderləri müxtəlif təkliflər səsləndiriblər. Özbəkistan prezidenti Şavkat Mirziyoyev sammitdən bir gün əvvəl Seula səfər edərək Cənubi Koreya lideri Li Çje Myonq ilə iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə edib. İki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Özbəkistanda Koreya kapitalı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Özbəkistan iqtisadiyyatına qoyulan Koreya investisiyalarının ümumi həcmi 8 milyard dolları ötüb. Bundan başqa, Özbəkistan və Cənubi Koreya ümumi məbləği təxminən 12 milyard dollar olan yeni layihələr hazırlayıblar. Şavkat Mirziyoyev sammitdə müxtəlif təkliflər irəli sürüb. Bunların içərisində Mərkəzi Asiya – Cənubi Koreya tərəfdaşlığının strateji planlaşdırılmasının hazırlanması, Özbəkistanda Koreya ilə birgə texnoloji parkın yaradılması, nadir torpaq elementlərinin birgə istismarı kimi təkliflər var.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammitdə sənaye və texnologiya sahəsində təşəbbüslərə üstünlük verilməsi zərurətini vurğulayıb. Qazaxıstan prezidenti birgə istehsalın üçüncü ölkələrə ixracının təşkil edilməsinin də mümkünlüyünə toxunub. Tokayev Qazaxıstanın Koreya Respublikasına enerji nəql edə biləcəyini də vurğulayıb. Qırğızıstan prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edib. Bu təklif Koreya Respublikasının Mərkəzi Asiya bazarlarında iştirakının möhkəmlənməsinə xidmət etməlidir. Sadır Japarov bununla yanaşı, birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib. Tacikistan və Türkmənistan prezidentləri də ölkələrinin Cənubi Koreya ilə əməkdaşlıqlarını dərinləşdirmək məqsədilə müxtəlif təkliflər səsləndiriblər. Mərkəzi Asiya liderlərinin təkliflərini dəstəkləyən Koreya prezidenti Li Çje Myonq əməkdaşlığın 5 sütuna söykənməsi vacibliyini bildirib. Bunlar tərəfdaşlıq, sülh, qarşılıqlı faydalı əlaqə, yeni texnologiyalar və insanlar arasında əlaqələrdir. Koreya Respublikası Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Öz növbəsində Mərkəzi Asiya ölkələri güclü iqtisadiyyatı olan və yüksək texnologiyalara malik Cənubi Koreya ilə əməkdaşlıqdan faydalanmağa çalışırlar. Cənubi Koreya və Mərkəzi Asiya ölkələri hər iki ildən bir sammit keçirməyi qərarlaşdırıblar. Növbəti sammit 2028-ci ildə Qazaxıstanda keçiriləcək. Həmin sammitdə Azərbaycanın da iştirakını proqnozlaşdırmaq olar.

Birincisi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirən yeni 5+1 strateji əməkdaşlıq modeli formalaşıb. Mərkəzi Asiya liderlərinin iştirak etdikləri sammitlərdə Azərbaycanın da iştirakı əhəmiyyətlidir. İkincisi, Azərbaycan da Mərkəzi Asiya ölkələri kimi Koreya Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir