Atmosferi olan super planet tapılmış ola bilər
Alimlər Yer kürəsindən 49 işıq ili uzaqlıqda bir ulduzun ətrafında fırlanan bir planetdə atmosferin mövcudluğuna dair əhəmiyyətli dəlillər aşkar ediblər. Kəşf planetin həyat potensialına malik ola biləcəyini göstərir. “Super Yer” adlandırılan LHS 1140b-nin kütləsi Yer kürəsindən təxminən beş dəfə böyükdür. Planet öz ulduzunun “yaşayış zonasında”, maye suyun mövcud ola biləcəyi temperatur diapazonunda yerləşir.
Elchi.az xəbər verir ki, 16 iyulda “Science” jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi, planetşünas alim Kollin Kerubim, planetin kütlə və radius ölçmələrinə əsasən qayalı bir quruluşa malik olduğunu söylədi. Kerubim, planetin dəmir nüvəsinə, silikat mantiyasına və sudan və ehtimal ki, Yer kürəsinə bənzər bir atmosferdən ibarət aşağı sıxlıqlı bir komponentə sahib ola biləcəyini bildirdi.
Yaşayış zonasında yerləşir.
Astronomlar 1990-cı illərdən bəri 6200-dən çox ekzoplanet kəşf ediblər. Habbl Kosmik Teleskopu 2001-ci ildə qaz nəhəngi ekzoplanetdə atmosfer izlərini aşkar etmişdir. Müşahidələr təsdiqlənərsə, LHS 1140b başqa bir ulduzun yaşana bilən zonasında yerləşən qayalı planetdə qeydə alınmış ilk atmosfer olacaq. Uzaq qayalı planetlərin atmosferini öyrənməyin çətinliyini vurğulayan Kerubim, LHS 1140b-nin Günəş sistemindən kənarda həyat axtarışı üçün bu günə qədər ən güclü namizədlərdən biri olduğunu bildirdi. Qeyd edildi ki, planetin qayalı quruluşu, maye suyu dəstəkləyə bilən temperaturu və atmosferi həyat üçün vacib elementlərə malikdir.
Şayəstə