Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib
Böyük Britaniya vizaları iyul ayından etibarən tamamilə rəqəmsal olub və artıq pasportlara yapışdırılmır.
Elchi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda bildirilir.
Elektron vizalar (eVisa) “şəxsiyyəti və immiqrasiya statusunu təsdiq edən rəqəmsal qeyd” anlamını daşıyır.
Britaniya XİN vurğulayıb ki, bu növ vizaların tətbiqinə başlanıldığı 2018-ci ildən bəri artıq milyonlarla insan onları rəsmiləşdirə bilib.
“Mövcud kağız sənədin elektron viza ilə əvəzlənməsi sizin immiqrasiya statusunuza və ya Böyük Britaniyaya daxil olmaq və ya qalmaq icazənizin şərtlərinə təsir göstərmir”, — deyə nazirlikdən qeyd edilib.
Nazirlikdən bildirilib ki, elektron viza xarici pasporta vurulan vizalarla müqayisədə bir sıra üstünlüklərə malikdir: onları itirmək və ya korlamaq mümkün deyil, biometrik məlumatlar verildikdən sonra onları almaq üçün səfirliyə və ya konsulluğa şəxsən gəlməyə ehtiyac qalmır, sərhəd nəzarətindən keçid isə prosedura baxımından daha az vaxt aparır və sadələşir.
Bununla yanaşı, XİN əlavə edib ki, elektron viza sahiblərinin potensial işəgötürənlərə və ya ev sahiblərinə öz miqrasiya statusları barədə məlumatları təqdim etməsi daha asandır.
Məryəm