Azərbaycan dili imtahanının nəticələri elan olundu

Reklam sahəsi

Azərbaycan dili (dövlət dili) fənni üzrə iyunun 21-də keçirilən test imtahanının nəticələri elan olunub.

Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, 2026-cı il 21 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 3-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1416 nəfərdən 92 nəfər imtahana gəlməyib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir