Yaponiyada nüvə silahının ölkəyə gətirilməsi qadağası ləğv edilə bilər
Hakim koalisiyaya kiçik tərəfdaş kimi daxil olan “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası Hərbi Dəniz Qüvvələrinin atom sualtı qayıqları ilə təchiz edilməsini müdafiə edir və nüvə silahının ölkəyə gətirilməsinə qoyulan qadağanın ləğvinin müzakirəsini təklif edir. Bu barədə partiyanın rəsmi sənədində qeyd olunub.
Elchi.az xəbər verir ki, yaxın vaxtlarda Baş nazir Sanae Takaiçiyə baxılması üçün təqdim ediləcək sənəd barədə “Kyodo” informasiya agentliyi məlumat yayıb.
Cəmiyyətin bu mövqeyi Tokionun təhlükəsizlik sahəsindəki fundamental siyasət prinsiplərinə yenidən baxılması layihələrinin hazırlanmasına başlanılması ilə əlaqədar formalaşdırılıb. Prosesin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Hakim koalisiyanın əsas qüvvəsi olan Liberal Demokrat Partiyası (LDP) artıq öz təkliflərini hazırlayıb. Həmin təkliflərdə atom sualtı qayıqları və nüvə silahının gətirilməsi qadağasının ləğvi məsələsi qeyd olunmasa da, LDP daxilində bu mövqeyi dəstəkləyənlərin sayının az olmadığı bildirilir.
Yaponiyada “üç nüvəsiz prinsip” qüvvədədir: nüvə silahına sahib olmamaq, istehsal etməmək və ölkəyə gətirməmək. Bu prinsiplər hökumətin qərarı ilə təsdiqlənib, qanun qüvvəsinə malik deyil və nisbətən asanlıqla yenidən baxıla bilər. “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası və hakim LDP-dəki bir çox qüvvələr ilk iki prinsipi saxlamağı, üçüncüsündən isə imtina etməyi təklif edirlər. Onların fikrincə, bu qadağa böhranlı vəziyyətlərdə ABŞ nüvə silahının ölkəyə gətirilməsinə mane ola bilər. “Kyodo” qeyd edir ki, bu bəndin tərəfdarlarının fikrincə, dəyişiklik Tokio ilə Vaşinqton arasındakı ittifaqın çəkindirici gücünü artırmağa xidmət edəcək.
Məryəm