500 min ailəni sevindirəcək xəbər: Çıxarış problemi həll oluna bilər
“Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Və bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda təşəbbüslər olsa da, sistemli və kompleks islahat lazımdır. Bu gün sənədsiz evdə yaşayan vətəndaşlarımız qeydiyyata düşə bilmir”.
Elchi.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün baş tutan iclasında deputat Kamal Cəfərov deyib. O bildirib ki, sənədsiz evlər bu gün dəyərinin 20-30 faiz ucuz satılır:
“Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərindən onların tam çıxışı olmur. Evlərinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edənlər vərəsəlik hüququnu avtomatik tanımır. Övladlar qanuni yolla keçə bilmir. Boşanma zamanı mənzil hüququnu itirdikləri üçün iddia edə bilmir. Və sənədsiz evlərdə bu günlərdə dəyərinin 20-30 faiz ucuz satılır. Banklar tərəfindən girov kimi də qəbul edilmir, ona görə bəzi hallarda vətəndaş öz evini kapitala çevirib kiçik biznes də qura bilmir.
Mən düşünürəm ki, bu çox mürəkkəb məsələdir və müxtəlif vaxtlarda həm həmkarlarımın da müxtəlif çıxışları, yanaşmaları olub. Bu məsələnin məsuliyyətinə də hazırda riskli tərəflər də həqiqətən çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, misal üçün, qardaş Türkiyənin təcrübəsi mövcuddur. Türkiyədə İmar Barışı qanunu çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi miqdarında ilkin rüsum ödəməklə çıxarış alıb.
Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Faktiki məsələdir ki, nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımızda, o cümlədən büdcədə milyardlarla manat həcmində əlavə və rəqabətli dəyər yaradacaq. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün şəhərsalma və memarlıq elmində amnistiya olunsun, bununla bağlı xüsusi proqram hazırlansın və bu məsələ də mərhələli şəkildə öz həllini tapsın”.