30 il öncə! – Milli komandamız tarixində ilk oyuna çıxmışdı – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

30 il bundan öncə sentyabrın 17-də Azərbaycan milli komandası tarixində ilk oyuna çıxıb. 1992-ci il, ölkə yeni müstəqillik əldə edib. Futbol çox adamın yadına düşmür, Ermənistanla müharibə gedir…

Bu oyundan bir neçə ay öncə – mayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradıldı. Bundan sonra əsas məsələ isə FİFA və UEFA-ya üzv olmaq idi. Bunun üçün birinci növbədə milli komanda yaradılmalı və yoldaşlıq oyunu keçirilib matçın protokolunu bu qurumlara göndərmək lazım idi. AFFA-nın ilk prezidenti Fuad Musayev şəxsi əlaqələri hesabına Gürcüstandakı həmkarı ilə danışıqlar aparır və yoldaşlıq matçı haqqında razılıq əldə olunur.

Əhməd Ələsgərovun başçılıq etdiyi yığmamızın qonşu ölkəyə səfəri heç də asan başa gəlmir.

Həmin vaxt millinin şərəfini qoruyan Şahin Diniyev xatırlayır ki, millimiz “Neftçi”nin bazasında iki-üç məşq etdikdən sonra qatarla Tbilisiyə yola düşüb: “Çox çətinliklə getdik. Tbilisidən oyunun keçiriləcəyi Gürcüani şəhərinə avtobusla hardasa, 3-4 saat yol getdik. O dövrdə beşulduzlu hotellər yox idi. Sadə bir mehmanxanada qaldıq”. 

Həmin dönəmdə AFFA-nın maliyyə imkanları yaxşı olmadığından legionerlər yığmanın düşərgəsinə öz hesablarına gəlirlərmiş. Onda Rusiyanın “Terek” (indiki “Axmat”) klubunda çıxış edən Diniyev də eyni aqibətlə üzləşib:

“Məni milliyə dəvət edəndə klubdan buraxmaq istəmirdilər. “Terek”in də vacib oyunu var idi. Onlardan xahiş etdim, birtəhər razılıq aldım. Öz hesabıma Bakıya gəldim. Onda vəziyyət indiki kimi deyildi. AFFA-nın imkanı yox idi”. 

İndi baxımsızlıqdan yararsız vəziyyətə düşən Gürcüani stadionunda meydan sahibləri 6:3 hesabı ilə qalib gəlirlər. Yığmamızın heyətində ilk qolun müəllifi kapitan Nazim Süleymanov olur. “Sulya” ləqəbli idmançı 85-ci dəqiqədə penaltidən də fərqlənərək dubl edir. Komandamızın digər qolunu isə Vidadi Rzayev vurur.

Qeyd edək ki, indi “Neftçi”də oynayan Vato Arveladzenin atası Revaz həmin tarixi qarşılaşmanın iştirakçısı olub. Bundan başqa, Gürcüstan millisində “Hall Siti”ni çalışdıran Şota Arveladze, sonralar “Mançester Siti”, “Ayaks”  klublarında oynamış Georgi Kinkladze kimi futbolçular forma geyinib.

Şahin Diniyevin sözlərinə görə, David Kipianinin adını daşıyan Gürcüani stadionu o vaxt da yaxşı vəziyyətdə deyilmiş: “Meydanın durumu bərbad, ot örtüyü kələ-kötür idi. Hətta bayraqları taxmağa yer tapılmırdı. İlk oyun olduğundan bir qədər tələskənlik var idi. Təcili ilk oyunumuzu keçirməli idik ki, FİFA-ya qəbul olunaq. Oyun əvvəldən planlaşdırılmamışdı. Matçın nəticəsi yox, keçirilməsi vacib idi”. 

Hazırda “Səbail”in baş məşqçisi olan Mahmud Qurbanov tarixi oyunda 19 yaşında start heyətində meydana çıxıb. Əhməd Ələsgərovun ona ilk dəqiqələrdən şans verməsi futbolçu üçün də gözlənilməz olub:

“Adımı start heyətdə görəndə təəccübləndim. Azərbaycanın tanınmış, SSRİ çempionatında oynayan futbolçuları ilə meydana çıxdım. Əlbəttə ki, bu, mənə çox xoş idi. Komandamızın ilk qolunda mənim də payım oldu. Mənim zərbəmdən sonra qapıçının qaytardığı topu Nazim Süleymanov qola çevirdi. 45 dəqiqə meydanda oldum. İkinci hissə başlayanda əvəzimə Qurban Qurbanov meydana çıxdı”.

Oyunun protokolu

17 sentyabr, 1992

Gürcüstan – Azərbaycan 6:3

Qollar: David Kizilaşvili, 30 (1:0), Nazim Süleymanov, 42, (1:1), David Kizilaşvili, 48 (2:1), Georgi Daraseliya, 52 (3:1),  Şota Arveladze, 69 (4:1),  Kaxaber Qoqiçaişvili, 71-pen.(5:1), Vidadi Rzayev, 77 (5:2), Giya Cişkariani, 79-pen.(6:2), Nazim Süleymanov, 85-pen.(6:3)

Gürcüstan: Akaki Devadze (David Canelidze, 75), Malxaz Arziani, Dmitri Kudinov, Kaxaber Sidamonidze (Georgi Nemsadze, 46), Giya Cişkariani, David Somaya, Georgi Daraseliya (Georgi Kinkladze, 53), Kaxaber Qoqiçaişvili (Mixail Kavelaşvili, 75), Revaz Arveladze, David Kizilaşvili, Şota Arveladze (David Canaşiya, 75)
Baş məşqçi: Anatoli Norakidze

Azərbaycan: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).

Baş məşqçi: Əhməd Ələsgərov

Hakim: Quram Sepiaşvili (Gürcüstan)

Gürcüani. Şəhər stadionu, 3000 tamaşaçı.

Msport.az

Oxu.az

Bu yazılara da göz atın...