Home SOSİAL MEDİA Lider TV-ni dağıdan nəhəng peşəkar…

Lider TV-ni dağıdan nəhəng peşəkar…

by admin
9 views

Lider TV-nin bağlanmasına gedən yol xeyli çəkdi: kanalın gəlirləri aşağı düşdü, reytinqi azaldı, əməkdaşların əmək haqqının verilməsində problem yarandı və nəhayət, arzulanmayan nəticə ortadadır.

İstənilən halda bir kanalın, saytın, agentliyin bağlanması olduqca pisdir. Media xüsusi sahədir, burda peşəkar kadrların yetişməsinə illərlə vaxt lazım gəlir, üstəlik, media qurumunun tanınması zaman, vaxt və enerji alır. Ötən gün Aynur Camalqızı sosial şəbəkə hesabında bunu tam doğru təsvir etmişdi və media nümayəndələri bunun nə demək olduğunu yaxşı bilirlər. Bir media adının tanınması illərlə yuxusuz gecə, əsəb, gərginlik, zəhmət deməkdir; bir media brendinin ictimai qəbulu üçün nələrdən keçməməlisən – bu, yalnız mediada çalışanlara bəllidir.

Tanınan, sosial şəbəkələrdə hesabları olan və xeyli abunə toplamış, konkret oxucu auditoriyasına sahib, xarici media şəbəkələri ilə əlaqələr qurmuş bir informasiya məkanının bağlanması nə deməkdir, bilirsinizmi?

Media – hazırda ölkələrin təhlükəsizliyinin az qala bir nömrəli məsələsinə çevrilib. Media vasitəsilə ölkələrdə siyasi sabitliyi bir anda darmadağın etmə, hədəfə çıxarılan dövlət haqda yanlış məlumatlarla beynəlxalq ictimaiyyətin fikrini dəyişmə texnologiyası bu gün çox dəbdədir.

Biz, əlbəttə, vərdiş etmişik Avropanın ikili standartlarına. Etiraf etmək istəmirik ki, “ikili standart”lardan kənarda qalan məsələlər də var və bu, informasiya manipulyasiyasıdır. Sözün hər mənasında AP-da, AŞPA-da, Seymdə, Senatda, Dumada… qərəzlilər var, ancaq manipulyasiya edilənlər də az deyil və biz onlara bəzən öz sözümüzü çatdıra, “özümüzkü” edə bilmirik – ya mediamız, ya onlarla işləmək üçün diasporumuz, ya informasiya məkanımızın zəifliyindən.

Biz bütün vasitələrlə informasiya məkanımızın genişlənməsinə, xüsusilə brendə çevrilən, əlaqələri olan, oxucu-tamaşaçı auditoriyası qazanmış, xarici media qurumları ilə əlaqələrini qurmuş, beynəlxalq KİV-in, hətta düşmənin belə istinad etdiyi-oxuduğu-baxdığı media qurumlarımızı qorumalıyıq. Çünki bir media qurumunun o status əldə etməsi üçün tanınması, brendləşməsi, reytinqli olması ilə bərabər, həm də sabitqədəmliyi əsasdır, illərlə mövcudluğunu qoruması vacibdir, illərin sınağından çıxması önəmlidir. Mediada “dünən” yarananla 5-10 il əvvəlki sayta, kanala, radioya ciddi fərq qoyurlar; “yenilərə” bir az şübhəçi yanaşırlar, hələ özünü doğrultmasını gözləyirlər, hələ informasiyanı populyarlıq naminə manipulyasiya edə biləcəyini ehtimal edirlər. Doğrudan da elədir və mediada “yenilərin” bu manipulyasiyaları-şişirtmələri analyışla qarşılanır, hətta şərait yaradılır və göz yumulur. Amma “mötəbərlik” üçün illər lazım gəlir.

Pis, ya yaxşı – ANS bir məktəb idi və onun bağlanması Azərbaycan media məkanının sərhədlərini daraltdı. Bu sıraya Lider TV-nin də qoşulması qəti arzulanan deyildi.

2000-ci ilin sentyabrında başlayıb Lider TV efirə, 2021-ci il 1 iyunda bağlanıb. 21 yaşının tamam olmasına sayılı günlər qalmışdı. Belə kanal bağlanarmı? Bu qədər zəhmət çölə atılarmı?

Lider TV-nin ailə-məişət və gəzmək fotolarını sosial şəbəkələrdə paylaşmaqla məşğul olan, media anlayışından uzaq rəhbəri bəlkə də Azərbaycan mediasına nə qədər zərər vurduğunu bilmir.

Media – korrupsiya, rüşvət, səhlənkarlıq, başıpozuqluq, monopoliya yeri deyil. Orduda korrupsiya və rüşvət nə deməkdirsə, mediada da odur; orduda təsadüfü adamın, ölkəni sevməyən, əsgərlərə nifrət edən, başqa dövlətin əsiri olan birisinin gəlib Baş Qərargah olması nə deməkdirsə, mediada da təsadüfü adamın direktor olması odur.

Hazırda bir media qurumunda çalışmaq – sadəcə, iş yeri deyil: xüsusilə media rəhbəri üçün jurnalistika həyat tərzidir, yaşamdır, özünü hər şeydən məhrum etməkdir: ya sən bunu edib, hazırkı informasiya savaşında bir əsgər kimi xidmət edəcəksən, ya da rədd olub bu sahədən gedəcəksən. Amma gedəndə “yerini də özünlə” apara bilməzsən, buna haqqın yoxdur. Zəhmət çək, get, yerini peşəkarlara ver!

Lider TV-ni o səviyyəyə düşürtmək üçün necə bir peşəkar olmaq lazımdır, təsəvvür belə etmirəm. Gör necə nəhəng adam olmalısan ki, o boyda kanalı dağıda biləsən…

Bu kanal – Azərbaycanda “ilklər”lə məşhurlaşmışdı, hətta Murad Dadaşovun “Maşın”ına qədər buradan yayılmışdı.

“Bir əl” medianı dağıtmaqla, məhv etməklə məşğul idi; bir şəxs medianı dağıdıb yeməklə sərvət toplayırdı. Bitdi o dövr, qapandı və yeni səhifə başladı və pis odur ki, o dövrün özünü doğrultmayan, yeyinti üçün açılmış layihələrinin üstündən xətt çəkilir.

Amma bütün layihələrdə jurnalist zəhməti var axı; bütün layihələrdə kollektiv işi var axı! Bu kollektivin gördüyü işi sıfırlamağa ehtiyac yoxdur!

Əlbəttə, hər zaman o fikirdə olmuşam ki, layihə alınmadısa, dərhal bağlanmalıdır, eksperimentlərdən imtina etmək də, özünü doğrultmayan eksperimentləri saxlama da lazım deyil. Ancaq media – dedik axı – ayrı sahədir və əgər burda layihənin yaşı illərə dayanırsa, heç bir halda “sıfırlamaq” olmaz!

Zəifdir – rəhbərini dəyişin, peşəkarlara verin, gücləndirin: təki yaşasın, təki informasiya savaşına girsin, təki azalmasın… Bir efirdən, bir pəncərədən informasiya məkanımızı məhrum etmək olmaz. O pəncərə nə qədər balaca olsa, nə qədər əzif olsa da, yenə pəncərədir, yenə işıqdüşən yerdir və hər birinin bağlanmasının bu məkanın “işıqlanmasına” təsir etdiyini unutmaq olmaz.

Yeri gəlmişkən, MTRŞ-nın verdiyi qərarda bir deyil, 4 kanal bağlanmışdı…

Bu yazılara da göz atın...