Rusiya ilə müttəfiqlik SƏNƏDİ: Bakı niyə buna GEDİR?

by xeberleraz

Sabah “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalanacaq.

Azərbaycan əsas müttəfiqi Türkiyədir və Rusiya ilə imzalanacaq bəyannamənin Şuşa Bəyannaməsinin bənzəri olacağı, yəni “dərin inteqrasiya”nın nəzərdə tutulacağı inandırıcı deyil. Burada müxtəlif sektorlarda qarşılıqlı əlaqələri inkişafı, hərbi əməkdaşlıq, bir-birinin ərazi bütövlüyünə hörmət və s. məsələlərin yer alacağı mümkündür.

Lakin bu, Azərbaycanın Rusiyanın qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil: Bakı seçimini Ankaradan yana edib və Qoşulmama Hərəkatına üzv olması genişçaplı ittifaqlarda yer almamasını şərtləndirir;

Belə bir sənədin imzalanmasında Rusiya və Azərbaycanın öz maraqları var:

– Azərbaycanı “ittifaq dövləti” modelinə daxil etmək şansını əldən verən Moskva müttəfiqliyi ikitərəfli səviyyədə inkişaf etdirir: bu, geosiyasi qarşıdurmada Cənubi Qafqaz cəbhəsini gücləndirməyə xidmət edir;

– Əsas seçimini Türkiyə ilə edən Bakı “balans strategiyasını” müəyyən qədər yeniləyir və belə bir bəyannamə ilə Moskvaya anti-Rusiya cəbhəsində yer almayacağının zəmanətini verir: bu, geosiyasi qarşıdurmada Rusiyanın təzyiqini neytrallaşdırmağa da hesablanıb;

Rəsmi Bakının bu gedişi Ankara ilə məsləhətləşmədən etmədiyi bəllidir: NATO üzvü olan Türkiyə üçün Rusiya ilə münasibətlərin körpüsü rolunu oynayan Azərbaycanın geosiyasi qarşıdurmada iki regional gücü birləşdirəcək faktor rolu güclənəcək və bununla:

1. Bakı və Ankara qurduqları ittifaqın Rusiyaya qarşı olmadığını isbatlayır;

2. Cənubi Qafqazda rus-türk planı olan razılaşmaların icrası sürətlənə bilər;

3. Və 3+3 formatı çərçivəsində əməkdaşlıq arxitekturasının qurulması, rusların vasitəçiliyi ilə imzalanan razılaşamalrın icrası, ən əsas da Bakının istədiyi sülh sazişinin imzalanması perspektivi güclənə bilər;

Azərbaycanın əsas istəyi budur. Bəyannamənin imzalanacağı görüşdə Əliyevlə Putin Qarabağdakı razılaşmaların icrasını müzakirə edəcəyi də bu kontekstdə diqqət çəkir. Təbii ki, indi əsas olan bəyannamədə nələrin əks olunacağı və əvəzində bizim nələr alacağımızdır. Hərçənd, iki məsələ haqda gözlənti güclüdür:

Birincisi, Rusiya ilə bəyannamə Türkiyə ilə imzalanan Şuşa Bəyanaməsi qədər “dərin inteqrasiyanı” əhatə etməyəcək: Bakının real müttəfiqi Ankaradır;

İkincisi, Əliyev bunun qarşılığında nəsə almalıdır, xüsusilə Qarabağ məsələsində.

Bu yazılara da göz atın...