Home SİYASƏT Prezident İlham Əliyevin Türk Şurasının Zirvə görüşündəki çıxışı -TAM MƏTN

Prezident İlham Əliyevin Türk Şurasının Zirvə görüşündəki çıxışı -TAM MƏTN

by xeberleraz
4 views

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

Xeberleraz.com Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan edib.

Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib:

– Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,

Əziz dövlət-hökumət başçıları,

İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhvələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri – Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.

Əziz Qardaşım, hörmətli Prezident, əziz dövlət və hökumət başçıları, mən bir daha buna görə sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Tük Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, savaşda bizə göstərdiyi bu böyük dəstəyə görə isə Tayyib bəy Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaq.

Mən çox şadam ki, bu gün biz Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.

Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə üçün dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir.

Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-ə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır.

Eyni zamanda, bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik. Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə Görüşü keçirilmişdir və bizim təşkilatımız həm üzv ölkələr bir-birinə kömək göstərirlər, başqa ölkələrə kömək göstəririk.

Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd edirdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləqayətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı azad edilmiş torpaqlara iki dəfə səfər edib. İyun ayında Şuşaya və bu yaxınlarda – oktyabr ayında Füzuli və Zəngilana səfər edərkən bunu əyani şəkildə görüb. Bu bölgələrin – Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, – körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər.

Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir.

Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.

Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.

Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı, hörmətli dövlət və hökumət başçıları, bu yüksək mükafata görə sizə bir daha minnətdaram. Əminəm ki, mən bundan sonrakı fəaliyyətimdə bu yüksək ada layiq olmağa çalışacağam.

Sağ olun.

Bu yazılara da göz atın...