Home SİYASƏT İranın “fatihə”sini elə Rusiya özü verəcək…

İranın “fatihə”sini elə Rusiya özü verəcək…

by admin
6 views
İranın Azərbaycana qarşı qısqanclığının hələ 1918-ci ildən – Azərbaycan Cümhuriyyəti qurulduğu gündən başlandığı hər kəsə yaxşı bəllidir. Bu qısqanclığın, hətta  daha çox qorxunun səbəbi isə yerli Azərbaycan türklərinin nə vaxtsa fars rejimindən qurtulub müstəqil dövlət qurmaq və ya Qüzey Azərbaycana birləşmək istəyində olmasıdır. Hərhalda istər Azərbaycanın 20% ərazisinin Ermənistan işğalında olduğu dövrlərdə, istərsə də elə 44 günlük Vətən müharibəsində İranın işğalçılara əlaltından necə dəstək olduğunu hamı gözəl xatırlayır. Məgər Paşinyan elə “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini İran səfərində dilə gətirməmişdimi? İndi Azərbaycanın müharibədən qalib çıxması və Tehrana qənim kəsilən İsraillə münasibətlərinin yüksək olması İran siyasətbazlarını lap “Harop” kimi “partladır”. 
Ancaq Azərbaycan-Ermənistan arasında Qaragöl ətrafında yaranmış sərhəd mübahisəsi ilə bağlı İran İslam Respublikası parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Moctaba Zolnurinin “İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimizi dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qalmalıdır”, – deyə “mollalıq” etmək istəyinin səbəbi bir az fərqlidir.
Sözsüz ki, molla rejimi yaxşı anlayır ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin əksər hissəsini azad etdikdən sonra Cənubi Qafqazda geosiyasət dəyişdi. Çünki bu, İranın heç vaxt istəmədiyi –  Türkiyənin Zəngəzur dəhlizi üzərindən Rusiya, həmçinin Orta Asiyadakı türk dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinə daha geniş yol açmış oldu. Əlbəttə İran ilk növbədə türk dünyasının güclənməsini özünün daxildən parçalanacağına səbəb olacağı qorxusundan heç vaxt istəməyib. Məhz bu üzdən də Qarabağ məsələsində həmişə işğalçıların yanında dayanırdı və elə indi də bu siyasətini davam etdirməkdədir. Sərhəd problemlərinə Tehranın yersiz müdaxilə etməsinin bir başqa səbəbini isə, İran narkotacirlərinin bundan sonra “nəşə bazarında” uyub “İran təranələri”ni istədikləri kimi oynaya bilməyəcəklərini güman etmək olar.
Maraqlıdır, Azərbaycan Prezidenti bu günlərdə “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə öz çıxışında, “Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq… Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır… Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik”, – dedi. Paşinyan da öz parlamentindəki çıxışında Zəngəzur dəhlizi ilə bağlı “Xalqımız üçün vacib olan şey dinc inkişaf erasını açmaqdır. Biz bu yolla getməliyik… Biz Azərbaycan ərazisindən keçmək istəyirik, o, bizim ərazidən keçməsinmi? Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməyəcək, biz də. Bu onu göstərəcək ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasətini aparırıq. Belə olmaz, həllə getmək lazımdır”, deyirsə, o zaman İran Qaragöllə bağlı öz generallarını İrəvana niyə və hansı məqsədlərlə göndərdi?
Məgər Qaragöl ətrafında Azərbaycan-Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyana görə erməni şüvənliyinin cavabını “Bu işdə onlara kömək etməyə hazırıq: həm kartoqrafik materialların təqdim edilməsi, həm də məsləhət xidmətlərini… Sakitcə həll olunan bu məsələdə duyğuları qamçılamaq üçün bir səbəb görmürəm”, – deyə onlara atalıq edən Rusiya XİN başçısı Lavrov özü vermədimi? Bundan sonra İranın bu məsələyə “mollalıq” etməsinə nə ehtiyac var?
Yeri gəlmişkən, elə həmin Lavrov bu günlərdə “Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir. Rusiya Türk Şurasına qoşulmağa hazırdır. Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”, – deyə Türk dünyası ilə bir arada olmaq istəyini açıq bəyan etdi. Şübhəsiz ki, Rusiyanın bu Şuraya qoşulmaq istəməsi təsadüfi deyil. Əslində  Rusiya Türkiyənin bu ölkələrlə yaxınlaşmasını gələcəkdə öz maraqlarına hərtərəfli şəkildə təhlükə yarada biləcəyini düşündüyündən özünü adı çəkilən Şuraya qəsdən dürtmək istəyir. Məsələn, Türk Şurası öz qarşısına Turan ordusunu yaratmaq, türk ölkələri arasında iqtisadi təşkilat qurmaq qoya bilər və nəticədə bölgədə yeni güc yaranar ki, bu da Rusiyanın əsrlərdir əlində saxladığı əsas strateji bölgələrinin itirilməsinə səbəb olar. Bu üzdən də ətrafında geosiyasətin dəyişdiyini açıq görən Moskva “əlində olanları” hansı yolla olursa olsun öz nəzarətində saxlamağa can atır.
Sonda onu deyək ki, İran “mollaları” qoy unutmasın Zəngəzur dəhlizinin açılması hamıdan çox məhz Rusiyanın marağında olan məsələdir. Tehran rəsmiləri anlasın ki, onları 1979-cu ildə hakimiyyətə gətirib başlarına çalma dolayan Moskva dünyanın gərdişinin indi başqa cür olduğunu anlayaraq, Türk dünyası ilə bir çox məsələlərdə barışır və heç də özbaşına  “sərhədləri” aşmır.  Mollalar bir şeyi də bilsin ki, “urus” öz marağı olan yerdə nə din, nə də iman tanıyır. Doğrudur, fars generallar haylara indi “züy” tuta bilərlər, ancaq urusun qızqanclığı farsın qısqanclığından çox yava olur. Odur ki, bilmək olmaz birdə gördün Rusiya İranın “fatihəsini” elə özü verdi. //Moderator.az//

Bu yazılara da göz atın...