Rusiya İsrail və Türkiyəyə TƏZYİQ EDİR: Ukraynaya silah satmağa CƏSARƏT ETMƏYİN

by xeberleraz
Ötən cümə axşamı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovun sankı ağlı “aydınlaşıb”. Moskvanın birdən yadına düşüb ki, o da Suriyada siyasi nizamlanmanın iştirakçısıdır və bununla bağlı təsirli bəyanatla çıxış edib.
Boqdanov məlumat verib ki, “Rusiya Suriyada konstitusiya islahatları prosesində kürdlərin iştirakını dəstəkləyir və bu, kürdləri separatçılıqda suçlamağın qarşısını alacaq”.
Sergey Lavrovun müavini vurğulayıb ki, bununla Suriya dövlətinin ərazi bütövlüyünə zəmanət vermək mümkün olacaq.
Suriyanın şimalında özlərinə faktiki olaraq muxtariyyət yaradan kürdlər çoxdandır ki, bu rayondan Amerika qoşunlarının çıxarılacağından əndiləşələnərək, Rusiyaya yaltaqlanır. Rusiyanın yüksək vəzifəli nümayəndələri artıq kürd “özünüidarəsi” liderlərilə görüşüb, lakin əvvəllər onların siyasi proseslərdə iştirakını heç vaxt dilə gətirməyib.
Moskvanın mülahizələri aydındır. Hər dəfə Suriya kürdləri haqqında xatırlatmalar onsuz da asan olmayan Rusiya-Türkiyə münasibətlərini bir qədər də mürəkkəbləşdirir.
Ankara kürd hərəkatını terrorçu təşkilat hesab edir. Əgər Rusiya “kürd komponenti”ni Suriyanın yeni konstitusiya islahatı ilə bağlı legitim iştirakçı kimi tanıyarsa, Türkiyə bunu terrorun legitimləşdirilməsi kimi qəbul edəcək. Praktikada bu, Ankaranın Suriya kürdlərinə qarşı güc tətbiq etmək imkanlarının daralması demək olacaq.
Türkiyə Ukrayna ordusunu ən yeni pilotsuz uçuş aparatları ilə təchiz edəndə, türk hərbi müşavirlər Kiyevə yollanır, Rusiya bu zaman bunu xatırlatmağı lazım bilir: “Kiyev burada- Dəməşq və Ankaradadır”.
Əgər Türkiyə Rusiyanın Ukrayna kimi yaralı yerinə toxunursa və Qərbin bu məsələdə siyasətini dəstəkləyirsə, deməli, Ankaranı Suriya kürdlərilə qorxutmaq olar.
Türkiyə Ukrayna ilə bağlı mövqeyinə görə siqnal alan tək ölkə deyil. Yanvar ayında Rusiya qırıcıları “Hmeymim” bazasından havaya qalxaraq  Suriya HHQ ilə birgə Holan təpələri rayonunda patrul xidmətini həyata keçirib.
İsrail tələm-tələsik Rusiya ordusunun Dəməşqdəki və Moskvadakı nümayəndələrinə müraciət edərək, izahat tələb etmək qərarına gəlib. Bundan sonra Rusiya və Suriya HHQ-in Suriyanın hava məkanında birgə patrul xidmətinin davam etdirilməsi barədə rəsmi məlumatlar dərc olunub. Bundan iki həftə əvvəl isə rusiyalı general bəyan edib ki, “Hmeymim”də olan Tu-22 qırıcıları Aralıq dənizi hövzəsində istənilən hədəfə hücum etməyə qadirdir.
Rusiya əvvəlkitək Suriyada İran obyektlərinə zərbələr endirməyə mane olmur. Lakin Moskvanın nəyə eyham vurduğu aydındır. Əgər İsrail Ukraynanı silahla təchiz etmək qərarına gələrsə, onun üçün Suriyada hərəkətləri kəskin surətdə məhdudlaşdırıla bilər.
İsrailin adına sırınan son hücumlar barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bunları bəyan edib: “Suriyanın suverenliyinin kobud surətdə pozulması gərginliyin artırılmasına gətirib çıxara bilər…Bu hücumlar mülki hava gəmilərinin təhlükəsiz hərəkəti üçün təhdiddir”.
Öz tərəfindən İsrail məlumat verib ki, Baltikyanı ölkələr tərəfindən alınan öz silahlarını Ukraynaya satmağı qadağan edib. Suriyadakı İran obyektlərinə sonuncu hücumlar onu göstərir ki, Rusiya sakitləşib. Görünür, İsrail Ukraynaya hərbi yardım göstərilməsi naminə Suriyanın hava məkanında sərbəst hərəkətlərindən imtina etməyə hazır deyil.
Bu məsələlərə son qoymaq üçün Rusiya Suriyada “terrorçularla” mübarizədə yardım edə biləcək “Lanset-3” dronlarının yerləşdirilməsi barədə məlumat dərc edib. Rusiya ilk dəfə deyil ki, Suriyada PUA-lardan istifadə edir, amma “Lanset”in döyüş yükünün hərəkət radiusu və çəkisi İsraili Rusiya hərbçiləri ilə öz hərəkətlərini koordinasiya etməyə borclu edir.
Rusiyanın İsrailə göndərdiyi siqnallar həmçinin Suriyanın şimalında hava məkanına nəzarət edən amerikalılara da ünvanlanıb. Son iki ildə Amerika və Rusiya qırıcılarının təhlükəli toqquşması haqqında məlumatlar yayılıb. Bunlardan biri atışma ilə nəticələnib, bir itki olmayıb.
Tsvi Barel, “HaArets”, İsrail

Bu yazılara da göz atın...