Home QAFQAZ XƏBƏRLƏRİ Qaragölə görə MÜHARİBƏ ETMƏYƏCƏM – ​Paşinyan

Qaragölə görə MÜHARİBƏ ETMƏYƏCƏM – ​Paşinyan

by admin
14 views

Paşinyanın bu gün tərəfdarları ilə görüşündə bildirib ki, Qaragölün 30 faizi üçün müharibəyə başlamayacaq.

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən şəxsin bu açıqlaması iki məqsədə xidmət edir:

Birincisi, dünənə qədər “güc tətbiqi”ndən danışan Nikol sərhəd məsələsinin həlli ilə bağlı həmsədr ölkələrin “beynəlxalq müşahidəçi” kimi bölgəyə yerləşdirilməsi təklifinin qəbul edilməsi üçün anlaşmaq istədiyini göstərir;

İkincisi, sərhədin müəyyənləşdirilməsində iştirak etməsini istədiyi “beynəlxalq müşahidəçilər”ə öncədən Qaragölün 70 faizinin Ermənistana məxsus olduğunu çatdırmaq istəyir.

Ermənistanın sərhəd məsələsində “güc tətbiqi”ndən danışması da “beynəlxalq müşahidəçi” təklifinə zəmin yaratmaq üçün vəziyyətin gərginləşdirilməsi idi. Buna nail olana qədər sərhəd boyunca təxribatlara davam edəcəkləri istisna deyil.

Paşinyanın çıxışında digər diqqətçəkən məqam Mehri dəhlizi və Qazaxın 7 kəndinin 10 noyabr razılaşmasından çıxarılmasıdır.

Üçtərəfli bəyanatda dəhliz ifadəsi yer almasa da Naxçıvanı Azərbaycanla birləşdirən ifadəsi eyni mahiyyəti daşıyır. Paşinyan daxili siyasətdə çətin vəziyyətə düşməmək üçün Mehri ifadəsindən imtina edib.

Qazaxın 7 kəndinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasının gündəmdə olduğunu erməni baş nazir özü də etiraf edir. Lakin iddiasına görə, onun tələbindən sonra bəyanatdan çıxarılıb.

Azərbaycan qalib gələn tərəf kimi niyə Ermənistanın bu tələbi ilə razılaşmalı idi?

Bakı bəyanata imza atan Paşinyanın hakimiyyətdə qala və razılaşmaları icra edə bilməsi üçün kəndlərlə bağlı məsələni sonrakı dövrə saxlayıb.

Şuşaya “İsgəndər” raketi atıldığını ilk dəfə etiraf edən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan da “kəndlərlə bağlı məsələnin razılaşmadan buna görə çxıarıldığını” demişdi.

İndi Ter-Petrosyanı və Köçəryanı Qarabağ məsələsində ittiham edən Nikol bu iddialarla seçkiöncəsi özünə “bəraət qazandırmaq” istəyir.

Asif Nərimanlı

Bu yazılara da göz atın...