Darmadağın edilən briqada, çökən HHM sistemi: Ermənistana baha başa gələn TƏXRİBAT

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar bu ölkənin revanşist düşüncələrə qapılmış hərbi-siyasi rəhbərliyinə baha başa gəlib.

Belə ki, Azərbaycan Ordusu tərəfindən düşmənin təxribat cəhdinə dərhal qətiyyətli cavab verilib. Döyüşlərin baş verdiyi ərazinin bütün perimetri boyu qarşı tərəf ağır itkilər verib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun qəhrəman hərbçiləri arasında şəhidlik zirvəsinə yüksələnlər olub. Lakin qəhrəman hərbçilərimizin qisası döyüş meydanında düşmənə qan qusdurularaq alınıb desək, yanılmarıq.

Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq gördüyü tədbirlər nəticəsində Ermənistan tərəfinin planları alt-üst olub, üstəlik yaxın gələcəklə bağlı məkrli ideyalara sarsıdıcı zərbə vurulub.

Bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklərin nəzarətə götürülməsi sərhədin bu istiqamətində Ermənistan ordusuna strateji planda böyük zərbə olub. Bunun nəticəsində Azərbaycan tərəfi geniş əraziyə nəzarət və düşmənin fəaliyyətlərini öncədən müşahidə etmək imkanına sahib olub. Üstəlik, Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətlərinə hər hansı bir müdaxilə zərurəti yaranacağı təqdirdə də bölmələrimizin hazırkı yerləşməsi ordumuz üçün əlavə üstünlüklər yaradacaq.

Müzəffər Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində sərhədin müvafiq istiqamətində ən ağır zərbə Ermənistanın hava hücumundan müdafiə sistemlərinə vurulub. Belə ki, Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd “S-300 5N63 İYR” radarı, üç ədəd “S-300 5P85 BQ” buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd “S-125 RTS-125” radarı məhv edilib ki, bu da Ermənistanın HHM sisteminin çökməsinə səbəb olub.

Ermənistan ordusunun sərhəddə yerləşən radioelektron mübarizə (REM) sistemlərinə də zərbələr endirilib. Düşmən tərəfin məhv edilən sistemləri sırasında JİTEL REM sisteminin olması da bunu sübut edir. Həmçinin düşmənin 20-dək haubitsa və topu, 10-dan çox minaatanı, 32 avtomobil texnikası sıradan çıxarılıb ki, bu da Azərbaycan Ordusunun gördüyü tədbirlərin düşmən üçün necə ölümcül xarakter almasına dəlalət edir.

Sərhəddə baş verən döyüşlər erməni hərbçilər üçün səciyyəvi daha bir amili yenidən xatırladıb. 44 günlük müharibə dövründə döyüş meydanında silah və texnikalarını atıb qaçmaqla yadda qalan erməni “cəngavər”lər bu dəfə də ənənələrinə sadiqlik nümayiş etdiriblər.

Döyüşlər zamanı Ordumuz Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd “KamAZ”, bir ədəd “Ural” və bir ədəd “UAZ-3962” markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14 500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Ermənistanın məqsədli təxribatı maddi cəhətdən də İrəvan üçün böyük itkilərlə xarakterizə oluna bilər. Təkcə Azərbaycan Ordusunun məhv etdiyi texnikalarla bağlı kadrlara baxmaq kifayətdir ki, bu zərbənin miqyasının yüz milyonlarla dolları aşdığı görəsən.

Təxribata cavab tədbirləri nəticəsində ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edilib. Briqadanın məhv edilməsi, HHM sisteminin çökdürülməsi uzunmüddətli perspektivdə Ermənistanın riyakar planlarının alt-üst edilməsinə və ordusunun döyüş qabiliyyətinin sıfıra endirilməsinə gətirib çıxarıb. Bu istiqamətdə Ermənistan ordusunun 12 sentyabrdan əvvəlki duruma qayıtması üçün belə illərlə vaxt tələb olunur. Üstəlik, artıq ermənilər məhv edilmiş infrastrukturu heç də gizli şəkildə bərpa etmək iqtidarında da olmayacaqlar. Çünki nəzarətə götürülmüş mövqelər bu cəhətdən ordumuzun proseslərə nəzarət imkanlarını da xeyli artırıb.

Yekun nəticədə isə ermənilərin canlı qüvvə baxımından itkilərinin 450 nəfərə yaxınlaşdığını vurğulamaq önəmlidir. Bu Ermənistan kimi cılız bir ölkə üçün ürküdücü bir rəqəm sayılmalıdır.

Azərbaycan Ordusunun döyüş hazırlığını və qəhrəman hərbçilərimizin şücaətini düzgün qiymətləndirə bilməyən ermənilər döyüş meydanında bu cür ağır itki ilə üzləşməyə sadəcə məhkum olduqlarını artıq anlamalıdırlar. Anlamadıqlarında nələrin baş verdiyini isə son günlər baş vermiş döyüşlər qəti şəkildə ortaya qoydu. 44 günlük müharibədən dərs çıxarmayan ermənilərin cücərtməyə çalışdıqları revanşist fikirləri, ümidləri isə elə öz təxribatları ilə birgə başlarında çatladı. Geriyə isə hərbi infrastrukturu darmadağın edilmiş, HHM sistemi çökmüş, şəxsi heyət baxımından böyük itkilər vermiş, strateji planda ağır zərbə almış bir “ordu” qaldı…

Orxan Tağıyev

Oxu.az

Bu yazılara da göz atın...