Azərbaycanlı jurnalistə hücum: Beynəlxalq təşkilatların süni və əndazəni aşan “narahatlığı”nın səbəbi…

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Jurnalist Aytən Məmmədovanın mayın 8-də fiziki şiddətə məruz qalması ölkəmizdə geniş müzakirə mövzusuna çevrildi.

Azərbaycanda ictimaiyyət nümayəndələri baş vermiş insidenti kəskin tənqid etdilər, aidiyyəti qurumlar isə öhdəlikləri çərçivəsində hadisə ilə bağlı tədbirlər görülməsinə başladılar.

Daxili İşlər Nazirliyindən bildirildi ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” (134-cü) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Yəni, əslində, azərbaycanlı jurnalistin başına gələn hadisə ətrafında bütün proses qanunauyğun şəkildə inkişaf edib: Qanunazid hadisə törədilib, aidiyyəti orqanlara müvafiq müraciət edilib və dərhal araşdırma başladılıb. Dünyada hüququn aliliyinin qorunduğu və sivil qaydaların hökm sürdüyü bütün ölkələrdə olduğu kimi…

Ancaq vəziyyət özlüyündə böyük ictimai maraq kəsb etdiyi üçün fürsətcil dairələrin marağını cəlb etməyə bilməzdi. Odur ki, Qərbdə bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqelərini ortaya qoymaq üçün əllərinə əla fürsət keçdiyini düşündülər. Bunlar demokratiya və azadlıqlar barədə özlərinin qondarma qiymətləndirmə meyarları olan və bu meyarlarını öz istəklərinə uyğun necə gəldi dəyişdirən “Human Rights Watch”, Milli Demokratiya Fondu və bu tipli digər beynəlxalq təşkilatlardır.

Təbii ki, jurnalist Aytən Məmmədovanın başına gələn hadisə ilə bağlı narahatlıqlar başadüşüləndir. Peşə fəaliyyətini yerinə yetirən hər kəsin təhlükəsizliyi cəmiyyətin və ilk növbədə dövlətin marağındadır. Buna uyğun olaraq cəmiyyət və dövlət tərəfindən də hadisəyə lazımi diqqət yönəldilib.

Belə olan halda qeyd olunan beynəlxalq təşkilatların timsalında “narahatlıq”lar əndazəni aşır və “həyəcan təbili” səviyyəsinə yüksəlirsə, o zaman məsələnin arxasında dayanan qərəzli yanaşmanı seçmək çox asan olur.

Onu da qeyd edək ki, müvafiq təşkilatlar bir çox ölkələrdə baş verən insidentlərdən gərginlik yaratmaq bacarıqları baxımından çoxillik təcrübəyə malikdir.

Söhbət Azərbaycandan getdikdə öz ikili standartlarını düşünmədən işə salan təşkilatların “suyu bulandırmaq” cəhdləri dərhal kəskin xarakter almağa başlayır.

Sözügedən təşkilatların fəaliyyətinə nəzər saldıqda qeyri-obyektiv mövqe nümayiş etdirmələrinə dair saysız-hesabsız nümunələr tapmaq mümkündür. Azərbaycanlı jurnalistin başına gələnlərlə bağlı “narahatlıq”larını isə bu nümunələrin ən “parlağı” adlandırmaq olar. Çünki ortada bu qədər əndazədən çıxacaq heç bir fakt yoxdur. Yəni hadisə yaşandıqdan sonra zəruri olan bütün addımlar atılıb. Cinayət işi başladılıb. Araşdırma gedir.

Maraqlıdır ki, yuxarıda adları çəkilən qərəzli beynəlxalq təşkilatlar öz fikirlərini nə ilə əsaslandıra bilərlər? Yoxsa dünya hüquq sistemində hansısa fövqəltəbii imkanlar mövcuddur ki, Azərbaycan bundan bixəbərdir, tətbiq etmir?

Hər halda uydurma çağırışları, süni gərginlik yaratmağa hesablanmış cəfəng bəyanatları yalnız bu cür absurd fikirlərlə izah etmək olar. Sağlam düşüncə tərzi, məntiq bizə bütün proseslərin öz axarında və beynəlxalq təcrübədə, dünya praktikasında olduğu kimi aparıldığını sübut edir.

Gözəl bir xalq deyimimiz var: “Barmağının beşini də bal eləyib ağzına qoysan, deyəcək ki, zəhərdir”.

Elə həmin təşkilatlar üçün də proseslər maraqlı deyil, onlar istədiklərini “bal”, istədiklərini “zəhər” kimi qələmə verməyə çalışırlar. Burada hansısa bir əsas göstərməyə isə ümumiyyətlə ehtiyac belə görmürlər. Üstəlik, qrant arxasınca qaçan müəyyən bir qrup insan da süni gərginlik yaratmağa çalışmaqla bu təşkilatların dəyirmanına su tökür.

Bütün bunlar isə yenə də “Human Rights Watch”, Milli Demokratiya Fondu və bu qəbildən olan təşkilatların qeyri-obyektivliyini, qərəzli mövqeyini və müəyyən dairələrin maraqlarının təsiri altında olduqlarını sübuta yetirir.

Abbas Qasımov

Oxu.az

Bu yazılara da göz atın...