Home MÜSAHİBƏ ​Korlanmış deputat imici: VI Çağırış vəkillərdə nələri dəyişəcək? – MÜSAHİBƏ

​Korlanmış deputat imici: VI Çağırış vəkillərdə nələri dəyişəcək? – MÜSAHİBƏ

by admin
5 views

Azadinfo.az-ın “Ən yaxşı millət vəkili” sorğusunda ikinci yerə çıxan Milli Məclisin üzvü Ramil Həsən müsahibə verib.

KAİM.az müsahibəni təqdim edir:

– Ramil bəy, bizə millət vəkili seçilənədək gördüyünüz işlər və siyasi fəaliyyətiniz barədə məlumat verə bilərsinizmi?

– 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 21 yaşımda, yəni 1999-cu ildə partiyanın ilk qurultayında Siyasi Şuranın ən gənc üzvü seçilmişəm. Bundan başqa, elə həmin il Qaradağ rayonunda da ən gənc bələdiyyə üzvü seçildim. İl yarım ərzində qəsəbədə bələdiyyə sədrinin müavini vəzifəsini icra etmişəm. 1999-cu ildə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətini təsis etmişik. 2002-ci ildə dövlət qulluğuna qəbul olmuşam. Diasporla İş üzrə Dövlət Komitəsində bir sıra vəzifələrdə çalışmışam. 2005-ci ildə Prezident İlham Əliyevin tövsiyəsi ilə YAP-ın Gənclər Birliyinin qurultayında sədr seçilmişəm.

– 2019-cu ildə Azərbaycanda prezidentin apardığı siyasətlə ayaqlaşa bilmədiyi üçün parlament buraxıldı. Sizcə, yenilənən parlament bu günün reallığı ilə ayaqlaşa bilirmi?

– YAP-ın siyasəti dövlət başçısının siyasətidir. Bu siyasət isə islahatlar və reform prosesinin sürətlə davam etməsindən, hökumətin və parlamentin ahənglik içərisində çalışması, icra və qanunvericilik sturukturu arasında münasibətlərin yüksək səviyyədə və sürətli həyata keçirilməsindən ibarətdir. Deyə bilərəm ki, Azərbaycanın yenilənmiş parlamenti buna ayaq uydurmağa çalışır.

– Seçkilər zamanı hər zaman fikir ayrılıqları və qalmaqallar olur. Xüsusən də parlament seçkilərində. Cəmiyyətimizdə millət vəkillərinin səs vermə yolu ilə deyil, təyin olunması barədə fikirlər səsləndirilir. Bu fikirlər arasında millət vəkili kimi təqdim olunmaq sizə çətindirmi?

– Bu kimi söz-söhbətlər və fikirlər təsdiqləyir ki, Azərbaycanda siyasi sərbəstlik mövcuddur. Yəni insanlar öz fikirlərini azad şəkildə şəkildə ifadə edirlər. Kiminsə fikirlərini ifadə etməsində əngəl yoxdur. Yetər ki, insanlarımız və cəmiyyət bundan sui-istifadə etməsin. Cəmiyyətə barışıq lazımdır. İnsanlar bir-birinə pozitiv yanaşmağı bacarmalıdır. Nəzərə alınmalıdır ki, millət vəkillərinin “təyin edilməsi” kimi  bir söhbət yoxdur. Sadəcə olaraq namizədlərin müəyyənləşdirilməsi ilə bağlı partiyalarda sədr və idarə heyəti tərəfindən razılaşma həyata keçirilir. Bu, bir çox ölkərdə belədir. Namizədlərin müəyyənləşdirilməsində partiya sədrimiz, prezident İlham Əliyevin qərarı olamlıdır. Seçkili orqana təyin olunmaq isə absurd fikirlərdir.

Özünüz də gördünüz ki, 3-4 dairədə seçki nəticəsi ləğv olundu. Bu, onu göstərir ki, real dəlillər, faktlar mövcuddursa, müvafiq qurumlar, o cümlədən Mərkəzi Seçki Komissiyası buna ciddi yanaşır. Bu səbəbdən nəticələrin ləğv olunması barədə yekdil qərar qəbul olundu. Heç kim seçkili orqana təyin olunmur. Özünüz də gördünüz ki, seçkilərdə namizədliyi irəli sürülən YAP üzvlərinin hamısı seçilmədi. Bu gün parlamentdə YAP üzvü olan 69 millət vəkili var.

– Millət vəkili statusuna bu adı daşıyan istər iqtidar təmsilçiləri tərəfindən, istərsə digər deputatlar tərəfindən zaman-zaman ləkə gətirilib. Nisbətən korlanan bu imici VI Çağırış deputatları düzəldə biləcəkmi?

– İslahatlar və reform sürətli şəkildə dövlətin və hakimiyyətin bütün strukturlarında gedir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə formalaşan indiki parlament islahatların tərkib hissəsi kimi ortaya çıxır. Buna görə də inkişaf və islahatlarla ayaqlaşmaq günün reallığıdır. Millət vəkilləri prezident İlham Əliyevin və Mehriban xanımın çağırışlarını diqqətlə dinləyib, dərk edəcəkləri və proseslərin içində aktiv olacaqları təqdirdə xalqın ehtimadının, etibarının qazanmasında ikinci mərhələyə keçə biləcəklər. Hər bir millət vəkili bunun fərqindədir. Bu gün Azərbaycan parlament aktiv və dinamik şəkildə fəaliyyət göstərir. Rəhbərlikdə yenilənmə var, tərkibində müxalifəti təmsil edən, siyasi savadı ilə ön plana çıxan şəxslər var.

Millət vəkillərimiz bu gün çox aktivdir. Rayonlara gedirlər, seçiciləri ilə görüşürlər. Lakin onların hamısı belədir demək doğru olmaz. Kimlər ona göstərilən etibarı və etimadı doğruldacaqsa, onlara bir daha etibar ediləcək. Millət vəkili vətəndaşla dövlət və qeyri-dövlət sektoru arasında körpü rolunu oynamalıdır. Fikir verirsinizsə, Prezident etimadı doğrultmayan şəxsləri vəzifədən azad edir. Fəaliyyətində cinayət tərkibi olan şəxslərin işinə isə hüquq-mühafizə orqanları qarışır.

– Ramil bəy, seçicilərinizlə tez-tez görüşürsünüzmü?

– Seçicilərimlə ünsiyyəti bir neçə formada həyata keçirirəm. Onlar Ucar rayonundakı köməkçim vasitəsi ilə istənilən vaxt mənə müraciət edə bilirlər. YAP-ın millət vəkili olduğum üçün partiyamızın rayon təşkilatının binası da seçicilərimizin üzünə açıqdır. Bundan başqa, rəsmi Feysbuk hesabımdakı qruplara yazırlar və hamısını şəxsən özüm oxuyuram. Vermiş olduğum təlimatlara uyğun olaraq köməkçilərim onlara cavab yazır. Hər iki telefonumun mobil nömrəsi bütün seçicilərimdə var. Gecə saat 12-də də mənə zəng edə bilirlər. Həmçinin pandemiya müddətində birbaşa ünsiyyətdə ola bilmədiyimiz dövrdə belə onlayn görüşlər keçirirdim. Karantin yumşaldılmaları olan zamanlar isə bayramlardan əlavə ayda 2-3 dəfə rayona gedirəm və seçicilərimlərlə görüşürəm. Bayramlarda isə bölgü həyata keçirmişəm.

Məsələn, Ramazan bayramının başlanğıcında şəhid ailələrinə, sonunda isə qazi ailələrinə yardım kampaniyası reallaşdırırıq. Qeyd edim ki, “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar platformasının da həmtəsisçisiyəm. Bu platforma çərçivəsində həm Ucar, həm də 33 rayona böyük dəstək kampaniyası həyata keçirmişik. Rayondakı seçicilərimlə sonuncu dəfə isə 1 həftə əvvəl görüşmüşəm. Pandemiya şərtləri nəzərə alınaraq görüşün biri rayon mərkəzində, digəri isə 3-4 qonşu kəndləri birləşdirən məkanda baş tutub. Son görüşümü isə açıq havada, 5 kəndin sakini ilə olub. İnsanların arzusu millət vəkilini görməkdir. Mən seçicilərimin evinə tez-tez gedirəm, qapılarını döyürəm. İnan ki, əksəriyyəti deyir ki, qapılarını döymək belə onlar bəsdir. Yəni seçdikləri adamın diqqətini və onları unutmadığını bilmək istəyirlər. Prezidentin də tapşırığı var ki, insanlarla canlı dialoq qurulmalı, haqlı tələbləri müvafiq qurumlara sürətli çatdırılmalı və s. işlər görülməlidir.

– Ucar rayonunda əhalinin əsas problemi nədir? Şikayətlərin əksəriyyəti nə ilə bağlı olur?

– Ən böyük problem su problemidir. İnsanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyir. Artezan quyularının qazılması barədə təkliflər səsləndirmişəm ki, bu il bu məsələni diqqətə alsınlar və həyata keçirsinlər. Qaz isə bir kəndimizdə hələlik yoxdur. Rayonun mərkəzində və 29 kəndində isə qazla bağlı heç bir problem yoxdur. Bəzən yol məsələləri ilə bağlı, qaz borularının dəyişdirilməsi və işsizlik problemi ilə bağlı da müraciətlər olur. Biz də müvafiq dövlət qurumları ilə vətəndaşlarımız arasında körpü rolunu oynamağa çalışırıq ki, problemlərin həll edilməsinə köməklik göstərərək. Həmçinin təhsil haqları barədə də müraciətlər olur ki, bu müraciətlərə də baxılır. Yəni həm Bakıda, həm də rayondakı köməkçilərimlə birlikdə ölkə rəhbərimizin verdiyi təlimata uyğun vətəndaşımızın qullağunda durmağa çalışırıq. Lakin vətəndaşı bəzən qane edə bilmirik. Çünki elə müraciətlər olur ki, onlar mənim səlahiyyətlərim xaricindədir.

– Cəmiyyətdəki problemləri və vətəndaşların daha çox hansı qurumlardan və kimlərdən narazı olduğundan yəqin ki, xəbərdarsınız. Sizcə, Prezident gələcəkdə hansı sahələrdə islahatlar həyata keçirəcək?

 – Fikir verirsinizsə, islahatların yeni mərhələsi səhiyyə sahəsində başlayır. Səhiyyə və sosial təminat məsələsində problemlər var. Əvvəllər verilmiş saxta əlillik, veteran vəsiqələri mövcuddur. Bu da nəticə etibarı ilə həqiqətən əlil olan vətəndaşın sürətli şəkildə əlillik dərəcəsi almasına mane olur. Bu islahatların tərkib hissəsi kimi DOST mərkəzləri yaradılır. Əminəm ki, səhiyyə sahəsində də ciddi irəliləyişlər olacaq. Həmçinin  Meliorasiya və Su Təsərrüfatı ASC-yə də yeni təyinat həyata keçirildi. İnanıram ki, bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətdə ciddi bir irəliləyiş olacaq. Reformlar iqtisadi sahələrlə yanaşı sənaye sahəsində də aparıla bilər. Məsələn, magistral ipək yolunun üzərində yerləşən Ucar rayonu sovetlər dönəmində regional baza mərkəzi rolunu oynayıb. Bu səbəbdən gələcəkdə əhəmiyyətli sənaye müəssisəsilərinin Ucarda salınması barədə təkliflər vermişəm. Bununla həm gənclərin işsizlik problemi ortadan qaldırıla, həm də ətraf rayonların inkişafına çox böyük təkan vermiş ola bilərik.

– 44 günlük müharibədə arxa cəbhədəki fəaliyyətiniz maraqlıdır bizə.

– Şübhəsiz media blokadasının yaradılması ilə bağlı mükəmməl liderliyi Prezident İlham Əliyev həyata keçirdi. O, bizim üçün də imkan yaratdı ki, sadəcə yerli deyil, xarici mediada da həqiqətləri dünyaya çatdıraq. Saatdan asılı olmayaraq, hətta gecə saatlarında da canlı bağlantılarla dünya mediasına Gəncə, Bərdənin bombardman edilməsi ilə bağlı prosesləri çatdırmışıq. Bəlkə də 30-dan çox kanal vasitəsilə üzərimə düşən borcumu yerinə yetirməyə çalışmışam. Bu müddətdə biz də canla başla əlimizdən gələnləri etməyə çalışdıq.

– Özünüz ucarlı deyilsiniz, Bakıda və xaricdə yaşamısınız. Sizin üçün ucarlılarla ünsiyyət çətin deyilmi? Ünsiyyətdə hansısa problemlə qarşılaşırsınızmı?

– Əlbəttə. Problemsiz həyat yoxdur. Amma bu problemlərin hamısı da həll edilə biləcək problemlərdir. İnsanlara səmiyyət göstərəndə insanlar da onu qəbul edir. Mən seçkilər ərəfəsində şəhid anasının əlini öpmüşdüm. Bunu bəzi media və sosial şəbəkə istifadəçiləri yanlış qələmə verdilər. Amma mən yenə də şəhid anasının əlini öpməklə fəxr edirəm. Çünki anamızın həyətinə daxil olanda mənə dedi ki, “uzun müddətdir ki, qapımızı kimsə açmır. Allah səndən razı olsun, elə bil, oğlumu gördüm”. Sonra isə həmin anamız ağlamağa başladı. Həmin anı ifadə etmək mümkün deyil. Mən də ona görə onun əlini öpdüm ki, mən də sizin oğlunuzam.  Deputat olandan sonra yenə də mən o evləri ziyarət edirəm, rayon sakinləri ilə görüşlər keçirirəm.

– Ramil müəllim, ən yaxşı millət vəkilləri sorğusunda ikinci yerə çıxdınız. Sizcə ən yaxşı millət vəkili olmaq üçün nə etmək lazımdır?

-Bu, mənim üçün fəxrdir. Cənab Prezidentin, partiyamızın sədrinin mənə göstərdiyi böyük etimatdır ki, namizədliyimi irəli sürdüm. İkinci böyük etimad isə Ucar sakinlərinin mənə etibarı və güvəni idi. Pandemiya səbəbindən tam istədiyimiz kimi aktiv şəkildə insanlarla ünsiyyət qura bilməsək də, biz o əngəlləri aşmaq üçün qaydalar çərçivəsində bütün imkanlarımızdan maksimal şəkildə istifadə etdik. Mənim üçün qürur hissidir ki, Ucar sakinləri mənə səs verdilər. Fövqəladə bir şey etmirəm, sadəcə olaraq insanlarla canlı ünsiyyətimi davam etdirərəm. Hətta iclasda olduğum üçün cavab verə bilmədiyim zəngləri də sonradan cavablayıram. Prezident namizədliyimizi verməyib ki, lazım olanda biz yoxa çıxaq. Vətəndaşla işləmək borcumdur.

– Ramil bəy, maraqlı müsahibə üçün təşəkkür edirəm. Oxucularımıza sözünüz varmı?

– Qarabağ müharibəsi zamanı əhalimizin mükəmməl həmrəyliyi hiss edilirdi. Arzum odur ki, hamımız bu həmrəyliyi qoruyub saxlaya bilək. Bu birlik Azərbaynın bütövlüyü, güclənməsi üçün vacibdir. Aramızdakı bütün inciklikləri və problemləri barış yolu ilə həll etməyi arzu edirəm.

Bu yazılara da göz atın...