Kremlin qərarı 100 min insanı QURBANA ÇEVİRƏCƏK: Avropanın, hətta dünyanın gələcəyi DƏYİŞƏCƏK

by xeberleraz

Ukraynaya hərbi müdaxilə edilərsə, Rusiya qoşunları ilə NATO ölkələrinin bölgədə olan hərbi kontingentləri arasında silahlı toqquşmalar qlobal savaşın başlamasına da yol aça bilər; Kremlin Rusiyanı xilas edə bilmək üçün elə indidən barmağını “nüvə düyməsi”nin üzərində saxladığını nəzərə aldıqda, dünyanın necə böyük təhlükə qarşısında olduğunu təsəvvür etmək qətiyyən çətin deyil…

Dünya ictimaiyyəti ciddi narahatlıq içərisindədir. Çünki, dünyada heç bir dövlət Rusiyanın Ukraynaya hərbi müdaxilə etməyəcəyindən qətiyyən əmin deyil. Əksinə, əsas iddialar ondan ibarətdir ki, Kreml mütləq Ukrayna ərazisinə qoşun yeridəcək.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri və xüsusi xidmət servisləri Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Ukraynaya hərbi zərbə endirmək niyyətində olduğunu vurğulayırlar. Kremldən verilən açıqlamalarda bu iddiaların yalan olduğu bildirilsə də, Rusiyanın davranışlarına hələ də ciddi şübhə ilə yanaşılır. Və savaşın başlayacağı ehtimal olunan zaman yaxınlaşdıqca, beynəlxalq səviyyədə narahatlıq da güclənir.

Maraqlıdır ki, Rusiya cəmiyyətində Kremlin Ukraynaya qarşı müharibəyə başlaya biləcəyinə inanmayanlar da kifayət qədərdir. Rusiyada bəzi ictimai xadimlər prezident Vladimir Putinin Ukrayna ilə savaşa cəsarət etməyəcəyini düşünürlər. Onların fikrincə, belə bir savaş yalnız Ukrayna deyil, elə Rusiya üçün də böyük fəlakətə çevrilə bilər.

1440x810_cmsv2_01c75c09-b22b-584c-92c7-0c9b7ea7950e-5580600.jpg (119 KB)

Eyni zamanda, Rusiyada müharibə tərəfdarlarına Ukrayna ordusunun son 8-10 il ərzində daha da güclənərək, müasir hərbi qüvvə standartlarına yaxınlaşdığını xatırladırlar. Rusiyanın Ukrayna ordusu ilə toqquşmasından sonra onminlərlə rus əsgərinin həlak olacağı barədə xəbərdarlıq edirlər. Və bu, təxminən Böyük Britaniya baş naziri Boris Consonun “Rusiya Ukraynaya hərbi təcavüz edərsə, rus analar çoxlu tabut alacaq” xəbərdarlığını da xatırladır.

Belə anlaşılır ki, Ukraynaya qarşı savaş məsələsində Kreml Rusiya cəmiyyətinin vahid mövqeyinə və mütləq dəstəyinə sahib deyil. İndi Kremlin müharibə propoqandasına və aqressiv savaş hazırlığına etiraz edənlər daha fəal görünürlər. Rusiyada hətta ehtiyatda olan zabitlərin belə, Ukrayna ilə müharibəyə qarşı çıxmaları Kremlin savaş planlarına ciddi müqavimətin olduğunu biruzə verir. Ehtiyac yaranacağı təqdirdə, ordu sıralarına çağırılmalı olan rus zabitlər hesab edirlər ki, prezident Vladimir Putin Ukrayna ilə müharibəyə başlayarsa, bu, son nəticədə Rusiyanın dövlət kimi mövcud olmasını təhlükə altına ata bilər.

Göründüyü kimi, prezident Vladimir Putin ABŞ və Qərbin Rusiyaya qarşı sərt hərbi-siyasi təzyiqləri ilə yanaşı, həm də ölkədaxili müqavimətlə də üzləşib. Rusiya cəmiyyəti Kremlin Ukrayna ilə müharibə planlarını dəstəkləmir və etiraz edir. Belə vəziyyətdə ABŞ və Qərbi qorxutmaq üçün Kremlin əlində yalnız bir hərbi alətin qaldığı şübhə doğurmur. Və Kremlin bu hərbi alətin təsir gücündən məhz bu mərhələdə istifadə etmək niyyətində olduğu iddia edilir.

Məsələ ondadır ki, Rusiyanın Ukraynaya gözlənilən hərbi müdaxilə ərəfəsində ABŞ və Qərbə xəbərdarlıq məqsədilə “nüvə faktor”undan istifadə etmək niyyətinə düşdüyü bildirilir. Nüfuzlu “The Financial Times” nəşri Rusiyanın öz strateji nüvə qüvvələrini hərəkətə gətirdiyini iddia edir. Belə bir təhlükəli mərhələdə nüvə qüvvələri ilə edilən manevrlər ABŞ və NATO-nun neytrallaşdırılması hədəfinə hesablanıb. Yəni, Kreml öz beynəlxalq rəqablərinə Ukrayna böhranı ətrafında baş verə biləcək hərbi proseslərə müdaxilə etməkdən çəkinməyi məsləhət görür.

ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948 (1).jpg (101 KB)

Qərbdə Rusiyanın bu davranışları Kremlin Ukraynaya hərbi müdaxilə qərarı vermək ərəfəsində olması kimi qəbul edilir. Hətta ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və ABŞ kəşfiyyatının rəhbəri Evril Heyns Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin fevralın ilk yarısında başlaya biləcəyini vurğulayıblar. Onların fikrincə, son günlər Rusiya qitələrarası ballistik nüvə raketlərini ön plana çıxartmaqla, ABŞ və Qərbi hədələyir. Və əsas məqsəd həm ABŞ-ı, həm də NATO-nu passiv duruma gətirməkdir.

Qərb xüsusi xidmət servislərinin iddialarına görə, hazırda Ukrayna sərhədləri ətrafında cəmləşdirilmiş Rusiya qoşunlarının ümumi sayı 100 min nəfərdən çoxdur. Amerikalı hərbi ekspertlər hesab edirlər ki, bu, tammiqyaslı hücum əməliyyatları üçün zəruri olan qoşunların ümumi sayının 70 faizini təşkil edir. Ancaq fevralın ortalarına qədər Rusiya hücum üçün zəruri qüvvələrin hamısını bölgəyə yerləşdirmək imkanlarına da sahibdir.

Qərb siyasi dairələrində və mətbuatında yaxınlaşan savaş barədə davamlı olaraq, müxtəlif ssenarilər müzakirəyə çıxarılsa da, Rusiyadan verilən açıqlamalarda Ukraynaya hücum niyyətinin olmadığı israrla vurğulanır. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da həmin fikirləri növbəti dəfə təkrarlayıb. O, bildirib ki, Rusiya heç kimə hücum etməyə hazırlaşmır, hətta savaşın başlaması onun ölkəsinin maraqları ilə kəskin ziddiyyət təşkil edir.

Ancaq buna baxmayaraq, Qərbdə yalnız savaş variantı və onun mümkün nəticələri müzakirə olunur. ABŞ ordusu baş qərargahının generalları konqresmenlər ilə qapalı toplantıda bəzi maraqlı ehtimallar irəli sürüblər. Həmin toplantıdan mətbuata sızan məlumatlara görə, ABŞ generalları Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, bu ölkənin paytaxtı Kiyev şəhərinin ən uzağı 72 saat ərzində işğal ediləcəyini vurğulayıblar. Onların fikrincə, həmin müddət ərzində təxminən 4 min rus əsgəri və 15 min ukraynalı hərbçi həlak ola bilər.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Eyni zamanda, Rusiyanın müharibəyə başlayacağı təqdirdə, Ukraynanın ümumiyyətlə, ən azı 25 min hərbçi itirəcəyi ehtimal olunur. Bu savaşda Rusiyanın canlı qüvvə itkilərinin 10 min nəfərdən çox olacağı proqnozlaşdırılır. Dinc sakinlər arasında həlak olanların sayının 50 min nəfərə çatacağı gözlənilir. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya hücum edərsə, hər iki tərəfdən ümumilikdə təxminən 100 min insanın həlak olması qaçılmaz xarakter daşıya bilər.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, ABŞ və bəzi Qərb ölkələrinin bu savaşa cəlb olunma ehtimalı da var. Çünki, bəzi NATO ölkələri Ukrayna ilə sərhəd dövlətlərin ərazilərinə məhdud sayda da olsa, hərbi kontingent göndərməkdə davam edirlər. Yəni, həmin ölkələrin hərbi kontingentlərinin Rusiya qoşunları ilə silahlı toqquşma ehtimalı qətiyyən istisna deyil. Əgər, bu, baş verərsə, nəticələri yalnız həlak olanların sayının artması ilə məhdudlaşmaz.

Məsələ ondadır ki, Rusiya qoşunları ilə NATO ölkələrinin hərbi kontingentləri arasında silahlı toqquşma qlobal savaşın başlamasına da yol aça bilər. Bu baxımdan, Qərbdə Rusiya-Ukrayna müharibəsinə Avropanın gələcəyini tamamilə dəyişdirə biləcək bir savaş ehtimalı kimi yanaşılması qətiyyən təsadüfi deyil. Çünki, bu savaşın baş verəcəyi təqdirdə, Avropada, hətta bütün dünyada heç bir şeyin bir daha əvvəlki kimi olmayacağını hər kəs anlayır. Və bu təhlükədən yayınmağın mümkün olub-olmayacağı tezliklə aydınlaşmağa başlayacaq.

Elçin XALİDBƏYLİ

Bu yazılara da göz atın...