Azərbaycan və Türkiyə Ermənistana qarşı BU ADDIMI ATACAQ – DETALLAR AÇILDI

by xeberleraz

Son günlər Ermənistanın dövlət sərhədində təxribatları artıb. 

Bütün bunlar Türkiyə və Ermənistan rəsmilərinin 14 yanvarda Moskvada baş tutacaq görüşü öncəsi yaşanır. Azərbaycan və Türkiyə diplomatik müstəvidə Ermənistana hansı xəbərdarlıqları edəcək? 

XEBERLERAZ.COM-un məlumatına görə olitoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistanın axırıncı hərbi təxribatlarından sonra Bakı və Ankaranın İrəvana xəbərdarlıqları daha sərt olacaq.

– Dövlət sərhədinin Kəlbəcər istiqamətindəki son təxribatlar nədən qaynaqlanır? 

– Zənnimcə, erməni tərəfinin Kəlbəcər istiqamətində təxribatlara əl atması ilə bağlı Ermənistan siyasi rəhbərliyini, xüsusən də baş nazir Nikol Paşinyanı günahlandırmaq bir qədər çətindir. Çünki həm 14 yanvarda Moskvada gerçəkləşməsi gözlənilən Türkiyə-Ermənistan danışıqları ərəfəsində, həm də Azərbaycanla münasibətlərin yavaş-yavaş düzəldilməsi istiqamətində ciddi işlərin getdiyi bir zamanda belə bir təxribat Paşinyana lazım olmamalıdır. Amma Ermənistanın hazırkı baş nazirinin rəqibləri, xüsusən də “Qarabağ klanı” və “Daşnaksütyun” partiyasının nümayəndələri Türkiyə ilə yaxınlaşmanı, ümumiyyətlə, bölgədə formalaşmaqda olan sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Düşünürəm ki, hazırda Ermənistanın müdafiə nazirliyi “Qarabağ klanı”nın və “Daşnaksütyun” partiyasının qalasına çevrilib.

– Axı, Paşinyan müdafiə sistemindəki yüksək postda olan kadrları dəyişdi, indi problem nədədir?

– Ermənistanın baş naziri müəyyən kadrları, ən yüksək səviyyədə olan səlahiyyətli şəxsləri dəyişsə də, orta rütbəli zabit heyəti, bundan başqa, digər kateqoriyadan olan zabitlər köhnə sistemə – Serjik Sarkisyan və Robert Koçaryan rejiminə və bütövlükdə “Qarabağ ideyası”na sadiq kimi görünürlər. Buna görə də tez-tez dövlət sərhədində bu cür toqquşmalar, təxribatlar törədirlər. Bu səbəbdən də Ermənistanla Azərbaycan arasındakı münasibətlərin müəyyən bir məcraya yönəlməsinə əngəllər yaratmaq istəyirlər. Doğrudur, bu əngəllər nə Türkiyə-Ermənistan danışıqlarına, nə də Azərbaycanla olan nizamlanma prosesinə elə də ciddi təsir göstərəcək. Çünki proseslər düzəlməkdədir. Amma Ermənistan tərəfinin vaxtaşırı toqquşmalara rəvac verməsi, təxribatlar törətməsi həm İrəvanda hakimiyyət zəifliyindən, idarəetmə boşluğundan, həm də bütövlükdə daxildəki qeyri-sabitliyin mövcudluğundan xəbər verir. Ermənistanın baş naziri Nikol Vovayeviç nə qədər sinəsinə döysə də, nə qədər müxtəlif ifadələrlə özünə bəraət qazandırmağa çalışsa da, aydın görünür ki, o, həm hakimiyyətin bütün qatlarına nəzarət edə bilmir, həm də ölkədəki vəziyyəti nəzarət altında saxlamaqda çətinlik çəkir. Bu boşluqdan, bu idarəsizlikdən, idarəetmənin zəif olmasından istifadə edən müxtəlif elementlər də bu cür addımlarla sanki vəhşi ehtiraslarını söndürməyə çalışırlar. Eyni zamanda Nikol Paşinyanın xarici siyasət xəttini bütövlüklə dəyişməyə təhrik etmək istəyirlər.

– Ermənistan ordusunun son təxribatları iki ölkə arasındakı sülh danışıqlarına hansı formada təsir göstərəcək?

– Axırıncı hadisələr fonunda həm Azərbaycan, həm də Türkiyə tərəfindən Ermənistana xəbərdarlıqlar ediləcək. Bu xəbərdarlıq Nikol Paşinyana və onun nümayəndə heyətinin üzvlərinə olunacaq. Bakı və Ankara İrəvana bildirəcək ki, əgər məsələlər bu istiqamətdə davam etsə, siz öz ölkənizdəki hərbi qüvvələrin “başını yığa bilməsəniz”, biz sizinlə normal münasibətlər qura bilməyəcəyik. Onsuz da Türkiyə bu məsələlərə çox ehtiyatla yanaşır. Qardaş ölkə Ermənistan qarşısında ciddi şərtlər irəli sürməyə hazırlaşır. Ermənilərin Azərbaycanla sərhəddə törətdikləri təxribatlar Türkiyənin, xüsusən də qardaş ölkənin Müdafiə Nazirliyi sisteminin nəzarətindədir. Ağdamdakı Monitorinq Mərkəzinin xüsusi bölməsi bu məsələlərin hamısını diqqətlə qeydə alır və öz hökumətinə bu barədə məlumatlar çatdırır. Ona görə də Türkiyə böyük şövqlə, həvəslə Ermənistanla münasibətlərin qaydaya salınmasına getməyəcək. Ermənistanı müəyyən bir çərçivəyə salmayınca, ermənilərdən əsaslı bir təminat almayınca bu məsələlərin nizama salınması prosesi uzana da bilər. Hətta hansısa nöqtədə proseslərin qırılması mümkündür. Ona görə də mənə belə gəlir ki, Azərbaycan və Türkiyə danışıqlar prosesi məsələsində, eləcə də sərhəddə təxribatların tez-tez baş verməsi məsələsində Ermənistana güclü təzyiqlər göstərirlər. Bu gedişlə, həmin təzyiqləri göstərməyə davam edəcəklər.

– Son günlər Qarabağ cəbhəsində də separatçı ekstremistlər baş qaldırmaqdadır. Sizcə, bu gedişlə Azərbaycan tərəfi onların da “boyunun ölçüsünü” götürəcəkmi? 

– Buna qarşı da cavab tədbirləri mütləq görüləcək. Onların təxribatlara cəhdlərinin başqa çıxış yolu yoxdur. Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar həmin qanunsuz silahlı birləşmələri, separatçıları qanadlarının altına aldıqca Azərbaycanın qəzəbi daha da artır. Biz dağ komando birləşmələri yaradırıq. Bu dağ komandoları vasitəsi ilə biz Qarabağın dağlıq hissəsini bir növ çənbərə almaqdayıq. Artıq Türkiyədə təlim keçdikdən sonra ikinci dağ komandomuz vətənə dönüb. Bu günlərdə həmin dağ komandosu üçün nəzərdə tutulan hərbi hissəyə onların dislokasiya edilməsinə başlanılacaq. Həmin dağ komandoları yaradılarkən onların qarşısına qoyulan birinci şərt Qarabağın dağlıq hissəsində, ermənilər yaşayan ərazilərdə həm separatçıların özlərinin, həm də Ermənistan silahlı qüvvələrinin hələ də orada qalmaqda olan hissələrinin yığışdırılması və yaxud onların tamamilə zərərsizləşdirilməsi istiqamətində ciddi plan üzərində işlənilməkdədir. Bu plan istənilən an baş tuta və beləliklə, separatçılara və onların himayədarlarına ağır zərbələr vurula bilər. Bu da haqqında bəhs olunan məsələlərə sülhməramlıların yalnız loyal münasibət bəsləməsinə cavab olacaq. Bütövlükdə götürsək, onsuz da sülhməramlılar Qarabağın yuxarı hissəsinə tamamilə nəzarət edə bilmir. Nəzarətsiz bölgələrdə lokal əməliyyatların keçirilməsi son dərəcə zəruri hesab edilir. Bu istiqamətdə həmin şəraitə uyğun gələ, orada hərbi əməliyyatları yüksək səmərə ilə başa çatdıra biləcək ordu hissələrinin, dağ komandolarının hazırlanmasına çox böyük diqqət yetirilir.

Tural Turan

Bu yazılara da göz atın...