Ərdoğan Zelenskiyə KÖMƏK ETMƏKDƏ maraqlıdır – Türkiyə gərginliyin aradan qalxmasına NAİL OLA BİLƏR

by xeberleraz

Türkiyə-Ukrayna İş Şurasının sədri Ruşən Çətinin mediyaya açıqlamasında bəlli olub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri fevralın 3-də baş tutacaq.

XEBERLERAZ.COM xəbər verir ki, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruz Türkiyə Prezidentinin səfərini şərh edib. Ekspertin saytımıza açıqlamasına görə, ölkə başçılarının görüşü zamanı qarşılıqlı ticarət həcminin artırılması ilə bağlı razılıqların da əldə olunacağı gözlənilir. Eyni zamanda Rusiya və Ukrayna arasındakı gərginlik də müzakirə olunacaq.

“Ruşən Çətin deyir ki, tərəflər arasında siyasi gərginliyin olmasını kimsə istəmir. “Bu gərginlik istər-istəməz ticarətimizə də təsir edir. Hazırda ticarət əlaqələrimiz davam edir. Ukraynanın daxilində hələlik problem yoxdu. Proseslər indiyədək bizim əlaqələrimizə təsir etməyib. Edəcəyini də düşünmürəm. Çünki bu mövzu Rusiya, Ukrayna və Türkiyə üçbucağında həllini tapa bilər. Qara dənizdə sabitliyin olması Montro sazişinə görə tənzimlənir. Bu mövzuda hər iki tərəflə ən yaxşı anlaşacaq şəxs Prezident Ərdoğandır”. Məhz Çətinin bu fikirlərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi açıqlama diqqət çəkir. O, söyləyib ki, Rusiya təhdidi ilə bağlı təşvişə ehtiyac yoxdur. Doğrudur, dövlət başçısı ən azından daxili auditoriya üçün belə deməlidir. Amma onun hansısa qüvvəyə, o cümlədən Türkiyəyə arxayın olması da istisna deyil. Qeyd edim ki, Ankaranın həm Kiyev, həm də Moskva ilə yüksək səviyyəli münasibəti var. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Rusiya arasında münasibətlərin yeni mərhələsinin əsası qoyulub. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə NATO ölkəsidir və Qərbin regiondakı təmsilçisidir. Bunlar isə o deməkdir ki, Ankara proseslərdə vasitəçi olmaqda birbaşa maraqlıdır. Bu mənada Çətinin “hər iki tərəflə ən yaxşı anlaşacaq şəxs Prezident Ərdoğandır” fikri xüsusi əhəmiyyətə malikdir. Türkiyə başqa bir dövlətin vasitəçilik etməsini istəmir. Çünki proseslərin öz nəzarəti altında olması niyyətindədir”.

Ekspert onu da qeyd etdi ki,Türkiyə Ukraynaya görə heç vaxt Rusiya ilə açıq toqquşmaya getməz. Eyni zamanda potensial işğala göz yummaq da Ankaranın imicinə ziyan vura bilər. Bu mənada rəsmilərin də dəfələrlə dedikləri kimi, Türkiyə məsələnin diplomatik yolla həllində maraqlıdır.

“Ukrayna mövzusunda ABŞ-la Türkiyənin mövqeyinin üst-üstə düşdüyünü demək doğru olmaz. Hətta, əksinə, tərəflərin maraqları bəzi məqamlarda toqquşur. Odur ki, dediyimiz kimi, Türkiyə proseslərə nəzarəti öz əlində saxlamaq istəyir. Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin ehtimal edilən görüşündən əvvəl onun Qərb nümayəndələri, həmçinin müttəfiqləri ilə təmasları gözlənilən idi. Bu günlərdə Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı oldu. Ərdoğanın səfərindən sonra da təmaslar davam edəcək. Bütün bunlar öz növbəsində Ukrayna liderinin rusiyalı həmkarı ilə görüşündəki tezislərinə təsir edəcək. Ankara indiyə kimi girdiyi bütün sınaqlardan, demək olar, uğurlu çıxıb. Eyni ilə Qarabağ məsələsində olduğu kimi. Çox güman, Türkiyənin vasitəçiliyi yenə də işə yarayacaq, tərəflər arasında gərginlik azalacaq və müharibə ehtimalı aşağı düşəcək” deyə Kənan Novruz fikirlərini yekunlaşdırıb. (Metbuat.az)

Bu yazılara da göz atın...