Nikola Yurçeviç: “Mahir Emreli Xorvatiyada səbirli olmalıdır” – MÜSAHİBƏ

by xeberleraz

Məlum olduğu kimi, Azərbaycan millisinin futbolçusu Mahir Emreli bundan sonra Avropanın reytinqinə görə 17-ci çempionatı olan Xorvatiyada çıxış edəcək. Emreli Xorvatiyanın ən köklü klubu, dəyişməz çempionu olan Zaqreb “Dinamo”suna transfer olunub.

Artıq Xorvatiyada bu transfer ciddi müzakirə olunur, “Dinamo”nun sabiq futbolçularından, millimizin sabiq xorvat məşqçilərindən fikir öyrənilir.

XEBERLERAZ.COM olaraq biz də millimizin sabiq baş məşqçisi (2019), “Dinamo”un sabiq futbolçusu (1984-1986) və iki dəfə həmin klubun çalışdırıcısı (2003-2004, 2018) olmuş Nikola Yurçeviçdən müsahibə aldıq:

– Sizin də yetirməniz olmuş Mahir Emreli “Dinamo”ya transfer oldu. Bu barədə fikirlərinizi eşidək…

– “Dinamo” böyük klubdur. Bu klubda əvvəl “Real”ın oyunçusu Luka Modriç, “Çelsi”nin futbolçusu Mateo Kovaçiç, sabiq “Liverpul”lu Deyan Lovren, keçmiş “Bayern”li Mario Mancukiç və çoxlu məşhur futbolçular oynayıb. Düşünürəm ki, “Dinamo”ya keçid Mahirin karyerasında böyük addımdır. Bu onun daha yaxşı futbolçu olması üçün böyük bir şansdır. O, hücum mövqeyində oynaya bilər. Mən Mahirə inanıram.

– “Dinamo” adətən hansı taktiki sxemlə oynayır?

– Əvvəl 4-2-3-1 taktiki sxemi ilə oynayırdılar. Ancaq dekabrdan yeni baş məşqçi Jelko Kopiç təyin olundu və oyun üslubunda dəyişiklik oldu. İndi komanda 3-5-2 taktikasına üstünlük verir.

– Deməli, biz Mahiri daha çox mərkəz hücumçusu mövqeyində görə bilərik…

– Bəli, o, ikinci forvard kimi çıxış edə bilər. Ancaq ola bilsin ki, baş məşqçi onu cinah yarımmüdafiəçisi kimi də sınasın.

– Mahir heyətdə xorvat olmayan yeganə hücumçudur. Komandada Mahirdən başqa 6 hücumçu var. Komnen Andriç, Bruno Petkoviç, Deni Yuriç, Dario Şpikiç, Duje Çop, Mislav Orşiç kimi hücumçuların fonunda Mahirin rəqabətdən çıxması necə görünür?

– Düzdür, rəqabət böyükdür. Ancaq “Dinamo” həm avrokubokda, həm də çempionatda çıxış edir. Ona görə də onun oynamaq şansı var. Ancaq əsas məsələ odur ki, səbirli olmalıdır. Çünki ilk aylar onun üçün çətin ola bilər, həmin müddət onun uyğunlaşması üçün mütləqdir. Həmçinin yayda “Dinamo”nun bu hücumçulardan bəzilərini satacağı və ya icarəyə verəcəyi dəqiqdir. Mahir “Dinamo”nun gələcəyi üçün mühüm oyunçu ola bilər.

– Yanvarın 30-da “Dinamo” son çempionat matçında “Riyeka”ya 2:0 qalib gəldi. Onda bu hücumçulardan Orşiçlə Andriç start heyətdə idi. İkinci qol zamanı Orşiç qol vurdu, Andriç məhsuldar ötürmə verdi. Necə düşünürsünüz, bunlardan hansı futbolçu Mahirlə yaxşı tandem təşkil edə bilər?

– Petkoviç və Orşiç Xorvatiya millisinin üzvləridir. Həmin matçda zədəsi üzündən, Petkoviç oynamadı, ehtiyatda qaldı. Ona görə Andriç oynadı. Petkoviç, Andriç, Yuriç və Çop tipik mərkəz hücumçularıdır. Orşiç, Şpikiç və bosniyalı Luka Menalo cinah hücumçularıdır. Qeyd etdiyim kimi, “Dinamo” bu hücumçulardan bəzilərini yayda satacaq. Onlar uzun müddətli plan qururlar. Ancaq Mahirin mərkəz hücumçusu kimi hansı futbolçu ilə yaxşı tandem təşkil edəcəyini, hansı oyunçu ilə qarşılıqlı anlaşmanın yaxşı olacağını demək çətindir.

– Bilirəm ki, “Dinamo”nun da çılğın, ultras fanatları var. Zəif oyun fonunda Mahir Emreli Polşadakı kimi azarkeşlərin fiziki təzyiqi ilə üzləşə bilərmi?

– Heç vaxt. O, 100% Zaqrebdə təhlükəsiz vəziyyətdə olacaq. Bütün əcnəbi futbolçular Zaqrebdə xoşbəxtdir. (Oxu.az)

Bu yazılara da göz atın...