Home banner RƏZALƏT! Sabiq icra başçısı müavini əsgərlərimizi, şəhid anasını və bacısını TƏHQİR ETDİ

RƏZALƏT! Sabiq icra başçısı müavini əsgərlərimizi, şəhid anasını və bacısını TƏHQİR ETDİ

by admin
19 views

Şəmkirin Ələsgərli kənd sakini, şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva rayonun həbs edilən başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Nəbiyev tərəfindən təhqir olunduğunu iddia edir.

KAİM.az-ın xəbərinə görə, Lamiyə Nəbiyeva deyir ki, övladı şəhid olandan sonra özü və digər övladları stress keçiriblər. Buna görə də Bakıda xəstəxanalardan birində müalicə olunublar. Həmin vaxt Şəmkir Rayon İcra Hakimiyyətindən dəfələrlə onunla əlaqə saxlayıblar. Ailəyə baş çəkmək istədiklərini deyiblər.

“İcra nümayəndəsi dəfələrlə zəng edirdi. İcra hakimiyyətində işləyən Tural müəllim dəfələrlə əlaqə saxlayırdı. Biz Şəmkirə qayıdandan sonra Tural müəllim 1 bağlama ilə gəldi, içində vermişel, makaron, yağ vardı. Evin qəzalı vəziyyətdə olduğunu gördülər. Mən kimsədən ev istəməmişəm. Uşağımın dərdi başımdan aşırdı.

İcra nümayəndəsini göndərdilər, gəldi kağız verdi, dedi ki, təcili olaraq 3 gün ərzində evi tərk edin. Mən də dedim ki, Tural müəllim, hara tərk edək, hara gedək? Cavab vermədilər. Mənə ardıcıl zəng edib icra hakimiyyətinə çağırırdılar, deyirdilər ki, icra başçısı sizinlə görüşmək istəyir.

Bir qohumuma zəng elədilər, o da zəng edib dedi ki, get bax nə deyirlər. Mən də getdim. Məni Alimpaşa Məmmədov deyil, 1-ci müavini Qüdrət Nəbiyev qəbul elədi. Tural isə mənə deyirdi ki, səni başçının qəbuluna aparıram. Otağa girəndə şalvarını çəkə-çəkə, əllərini ova-ova, ayağını ayağının üstünə qoyub ”mən pis adamam ki” yüksək səslə qışqırırdı. Deyirdi ki, başçı hər an dəyişə bilər, hər an gedə bilər, amma mən buradayam, mən sizin problemləri həll edəcəyəm. Sual etdi ki, nədir probleminiz?

Dedim ki, mənim 18 yaşlı oğlum şəhid olub, bir yadigarı belə qalmayıb.

Onun adına Şəmkirdə bir küçə verin, onun adı yaşasın. Bunu istəyirəm. Hətta onu da dedim ki, bir bulaq çəkilsin, tikilsin, onun xərcini də özüm ödəyərəm. Birini çağırdı, dedi ki, get yaz. Sonra bildim ki, Qüdrət Nəbiyev 1 həftə əvvəldən başçının müavinliyindən çıxarılıb, təhsil şöbəsinin müdiri təyin olunub. Başladı ki, “sizin evinizin vəziyyətini görürəm, az qala deyim ki, gəlin bizim evdə yaşayın”. Bir tikinti şirkəti ilə uzun-uzadı danışıb “bunlara ev tikə bilərsənmi” dedi. Ardından da qızımdan soruşdu ki, işləyirsənmi. Qızım “Mən hərbiyə düzəlmək istəyirəm” dedi. Qüdrət Nəbiyev qızıma dedi ki, “Sənin qardaşın nə iş görə bildi ki, sən də gedib neyləyəsən? Uzağı gedəcəksən Kəlbəcərə, azərbaycanlı qadınların gündə birini əsir aparırlar, səni də əsir apara bilərlər. 1 aydan sonra minaya düşəcəksən, ya da orada ”voyenni” oğlanlar bilirsən hərbçi qızlara sataşır. Sonra da dedi ki, “sən də, anan da ərə gedin, bütün problemləriniz həll olunsun”.

Qızım qalxıb cavabını vermək istədi, qoymadım. Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?”

Şəhid anası baş verənləri özünə təhqir kimi qəbul edir və ölçü götürülməsini istəyir.

Yada salaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.

Yazıda adı hallanan Qüdrət Nəbiyevlə “Yeni Müsavat” əlaqə saxlamaq istəsə də, cəhdləri baş tutmayıb.

mənbə: “Yeni Müsavat”

Bu yazılara da göz atın...