Home banner Mübariz Mənsimov qorunmaq üçün həbs edilib? – İLGİNC İDDİA

Mübariz Mənsimov qorunmaq üçün həbs edilib? – İLGİNC İDDİA

by admin
17 views

Azərbaycanlı milyarder, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun ötən ilin 15 martda saxlanılması ilə bağlı sensasiya sayılacaq iddia səsləndirilib.

KAİM.az  Azadinfo.az-a istinadən xəbər verir ki, Mübariz Mənsimovun sui-qəsddən xilas etmək üçün həbs edildiyi ehtimalı irəli sürülüb.

Bu iddiaya səbəb Türkiyənin “yeraltı dünyasının” tanınmış ismi Sədat Pekerin Dubaydan bir-birinin ardınca yaydığı videolardır.

S.Peker videoların birində azərbaycanlı qanuni oğru, ötən il 20 avqustda Türkiyənin Antalya şəhərində qətlə yetirilən Lotu Quli haqda danışıb. Bildirib ki, Lotu Quli 2019-cu ilin sonunda saxlansa və 2020-ci ilin yanvarında barəsində Türkiyədən deport qərarı çıxarılsa da, o, yenidən qardaş ölkəyə yerləşməyi bacarıb. S.Peker iddia edib ki, Lotu Quli 2018-ci ildə Türkiyədə saxlanılanda da sabiq nazir, kriminal aləmə yaxınlığı ilə tanınan Məhməd Ağarın sayəsində azadlığa çıxıb. Üstəlik, 2020-ci il 4 yanvar deport qərarından sonra Lotu Quli yenə M.Ağarın dəstəyi ilə Türkiyəyə qayıda bilib.

S.Peker Lotu Qulinin Türkiyəyə qaytarılmasında əsas məqsədin Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu qətlə yetirmək olduğunu bildirmişdi.

Türkiyə DİN rəhbəri Süleyman Soylu isə bu iddiaları rədd edərək, Lotu Qulinin deportdan sonra pasportunu dəyişərək Şimali Kiprdən ölkəyə daxil olduğunu vurğulamışdı. Eyni zamanda bildirmişdi ki, dünyanın ən güclü 12 mafiya şəbəkəsindən birinin başında duran Lotu Quli azərbaycanlı kriminalların daxili çəkişməsi nəticəsində qətlə yetirilib.

Bu faktlara görə iddia edilib ki, əslində türk polisinin M.Mənsimovu həbsinin səbəbi onu qorumaq olub. Bildirilib ki, Mübariz Mənsimovun FETÖ istintaqı çərçivəsində saxlanılması bahənədir. Belə ki, bu istintaq 2017-ci ildə aparılmış və məsələ də qapanmışdı. Yalnız M.Mənsimovun qətli haqda hüquq-mühafizə orqanlarına daxil olan məlumatdan sonra Türkiyə polisi “Palmali” sahibini qorumaq üçün onu həbs edib.

Süleyman Soylunun Lotu Quli haqda “dünyanın ən güclü 12 mafiyasından birinin başçısı” ifadəsinə əsaslanaraq iddia edilib ki, azərbaycanlı qanuni oğrunun M.Mənsimovun mühafizəçilərinin içindən belə onu qətlə yetirməsi imkanları olub. Buna görə də Türkiyə polisi həbsdən başqa çarə görməyib və onu proses tam bitənə qədər təcridxanada, ciddi mühafizə altında saxlayıb.

Qeyd edək ki, M.Mənsimov 15 mart 2020-ci ildə saxlanılmış, 17 mart 2020-ci ildə isə barəsində həbs qərarı verilmişdi.

M.Mənsimov təxminən bir ildən sonra, bu il 5 martda 5 il şərti cəza ilə azadlığa buraxılıb.

Bu yazılara da göz atın...