Home CƏMİYYƏT Maştağalı erməni qadın: “Oğlum Qarabağda şəhid oldu” – FOTO

Maştağalı erməni qadın: “Oğlum Qarabağda şəhid oldu” – FOTO

by admin
6 views

Rusiyanın “RİA Novosti” xəbər agentliyi öz əməkdaşının Hadrut bölgəsinə səyahəti haqqında “Qarabağın Cənub Qapısı” başlıqlı geniş məqalə yayımlayıb.

Agentliyin müxbiri Qaliyə İbrahimova Hadrut səfərindən əvvəl Maştağa kənd sakini, birinci Qarabağ müharibəsi zamanı oğlunu itirən etnik erməni Mariya Əliyeva-Karapetyanı ziyarət edib.

“Böyük oğlum Samir birinci Qarabağ münaqişəsində, Füzuli, Xocavənd və Hadrut uğrunda döyüşlərdə şəhid olub. On doqquz yaşındaydı. Əgər o yerlərdə olsanız, mənə heç olmasa oğlumun xatirəsinə kiçik bir daş parçası gətirərsiz” , – deyə Karapetyan bildirir.

Erməni qadının yaşı artıq yetmişi keçib. Şəhid oğlu barədə danışmaq onun üçün heç də asan deyil.

“Uşaqlıqdan Samir hərbçi olmaq arzusunda idi. Dərsdən sonra qaçaraq gəldi, məni qucaqladı və dedi ki, ana, mən böyüyəcəyəm, əsgər olacağam və səni qoruyacağam. Naxçıvanski adına hərbi məktəbə daxil oldu. İlk Qarabağ müharibəsi zamanı orduya çağırıldı və beləcə öldü”, – deyə o xatırlayır.

Məqalədə bildirilir ki, Qarabağ müharibəsi Mariya Yeqorovna üçün şəxsi faciədir. O ermənidir, amma demək olar ki, bütün ömrünü Bakıda yaşayıb. Valideynləri 1956-cı ildə Altay bölgəsindən Azərbaycana köçüblər. Repressiya üzündən qohumları Sibirdə qalıb.

“Babam Gorusda nəhəng evini qoyub ailəsilə Sibir buzlaqlarına köçüb. Birinci Qarabağ müharibəsindən əvvəl Bakıda böyük bir erməni diasporu var idi. Əmim valideynlərimi bura çağırmışdı. Bakı Odessadan sonra SSRİ-də ikinci beynəlmiləl şəhər idi. Kim yox idi ki burada?! Azərbaycanlılar, ermənilər, ləzgilər, talışlar, ruslar… Hansı millətin nümayəndəsi olduqlarını soruşduqda isə cavab “bakılı” olurdu”, – deyə Karapetyan bildirir.

Bir müddət sonra Mariya Yeqorovna azərbaycanlı ilə ailə qurur.

“Yoldaşımın valideynləri həmişə erməni gəlininin ən gözəl və sevimli olduğunu deyirdilər. Onlardan bir dənə də pis söz eşitməmişəm. Dörd övlad dünyaya gətirmişəm”, – deyə erməni qadın qeyd edir.

Qonşular da onunla mehriban davranırlar. Mariya iynə vurmağı və venadaxili sistem qoşmağı öyrənir. Əri ilə yaşadığı Bakının Maştağa kəndində ona mərhəmət bacısı ləqəbi verirlər.

“Maşa məhəllədə bir gündə qırx evə qaçır. Heç vaxt köməyini əsirgəmir – təcili yardım kimi. Otuz iki ildir ki, Mariya Yeqorovna ilə yan-yana qonşu olmuşuq. Uşaqları bayütməkdə mənə kömək edib. Qarabağda müharibə başlayanda onu heç kim barmağı ilə göstərmədi və erməni olduğuna görə qınamadı. O, bizim üçün əzizdir”, – deyə qadının qonşuları bildirirlər.

Mariya əmindir ki, müharibə siyasətçilər tərəfindən qızışdırılıb.

“Məmurlar ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğundan danışanda təzyiqim artır, dərman içirəm. Neçə ildir bir yerdə yaşayırıq, indi genlər düz gəlmədi? Belə sözlərə görə onları döyərdim, qulaqlarını çəkərdim”, – deyə Mariya hiddətlənir.

İlk müharibə vaxtı Əliyeva-Karapetyan ətrafdakıların ona qarşı çıxacaqlarından qorxduğunu deyib.

“Boş yerə narahat oldum. Əksinə, hamı məni qorudu. Erməni olduğumu gizlətmədim. Gənc uşaqlar müharibədə ölürlər, mən, qoca qadın, niyə həyatdan ikiəlli yapışım? Bacardığım qədər kömək etdim. Birlikdə ağladıq, uşaqları dəfn etdik”, – deyə yaşlı ana bildirir.

Məqalədə Azərbaycanda hələ də iyirmi minə yaxın erməninin yaşadığı vurğulanır. Mariya da ara-sıra erməni dostlarını görür.

“Mənim kimi onlar da azərbaycanlılarla evlənib Bakıda qaldılar. Heç kəsin taleyi asan deyil”, – o, qeyd edir.

Səlahiyyətli şəxslər Mariyanın oğlunu Şəhidlər Xiyabanında dəfn etməyi təklif ediblər. Lakin o, təkliflə razılaşmayıb və hər gün oğlunun məzarı üstünə gedə bilməsi üçün evə daha yaxın yerdə basdırılmasını xahiş edib.

Bu yazılara da göz atın...