Home CƏMİYYƏT Kiyev şəhərində Respublika Gününə həsr olunmuş konsert təşkil edilib – FOTO

Kiyev şəhərində Respublika Gününə həsr olunmuş konsert təşkil edilib – FOTO

by admin
5 views

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Kiyev şəhərində 28 May – Respublika Gününə həsr olunmuş “Dostluq Dialoqu: Ukrayna–Azərbaycan” adlı simfonik musiqi konserti keçirilib.

KAİM.az xəbər verir ki, Ukraynanın ən nüfuzlu klassik sənət məkanında – N.V.Lısenko adına Milli Filarmoniyada pandemiya qaydalarına uyğun şəkildə təşkil edilən tədbirdə ictimai-siyasi, elm, mədəniyyət xadimləri və KİV nümayəndələri iştirak ediblər. Onların arasında Kiyev şəhər meri Vitali Kliçko, Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri üzrə komitəsinin sədri Oleksandr Merejko və başqaları olub.

Tədbirdə UABD sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və mer Vitali Kliçko çıxış ediblər. Onlar Azərbaycanın ən əsas dövlət bayramı münasibətilə Ukraynadakı soydaşlarımızı və dünya azərbaycanlılarını təbrik ediblər. Azərbaycan Respublikasının 103-cü ildönümünün II Qarabağ müharibəsində xalqımızın parlaq qələbəsi fonunda qeyd edildiyini və Ukrayna xalqının bu böyük qələbəni azərbaycanlılarla bölüşdüyünü nəzərə çatdırıblar.

Kiyev meri bildirib ki, Azərbaycan və onun Kiyevlə qardaş olan paytaxtı Bakı hər zaman qəlbində müsbət emosiyalar doğurur: “Qonaqpərvərliyiniz, açıqlığınız, fədakarlığınız, ədalətiniz – bütün bunlar Ukrayna xalqına da xasdır. Sizin ölkənizin inkişafı, Bakıda həyata keçirilən gözəl layihələr Ukrayna paytaxtının meri kimi mənim üçün çox yaxşı nümunədir. Dostluq münasibətlərimizi çox yüksək qiymətləndiririk və inkişaf etdiririk, bütün Ukrayna xalqı adından azərbaycanlılara sülh və firavanlıq diləyirik”.

Konsertdə çıxış edən “Kiyev kamerata” Milli ansamblı Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.  Azərbaycan müsiqiçisi Orxan Zeynalovun tarda “Qarabağ” əsərini orkestrin müşayiətilə ifa etməsi tamaşaçıların gur alqışlarına səbəb olub.

Qeyd edək ki, yaxın günlərdə Yalçın Adıgözəlovun dirijorluğu ilə “Kiyev kamerata” ansamblının Xarkov və Dnepr şəhərlərində də çıxışı gözlənilir.

Bu yazılara da göz atın...