Home CƏMİYYƏT Dünya azərbaycanlıları Respublika gününü qeyd edir

Dünya azərbaycanlıları Respublika gününü qeyd edir

by admin
3 views

Dünya azərbaycanlıları Respublika  günündə bir araya gəlib.

KAİM.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “28 may-Respublika günü” münasibətilə təşkil etdiyi virtual konfransa 58 ölkədən 367 nəfər yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölklərdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri  qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dövlətimizin müstəqilliyi və ərazi  bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dünya azərbaycanlılarını Respublika günü münasibəti ilə təbrik edən Komitə sədri Fuad Muradov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  başçılığı ilə rəşadətli ordumuzun Vətən savaşında qazandığı misilsiz zəfərdən danışıb, dünya azərbaycanlılarının Vətən müharibəsi dövründəki aktiv fəaliyyətinin yüksək qiymətləndiridiyini bildirib.

Konfrans iştirakçıları Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində son günlər Ermənistanın törətdiyi təxribata diqqət çəkib, dövlət sərhədindəki insidentlə əlaqədar dünya ictimaiyyətinin dərhal və obyektiv məlumatlandırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Müsəlman aləmində ilk demokratik respublikanın yaradımasından danışan komitə sədri daha sonrakı dövrlərə də diqqət çəkərək bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməklə, müstəqilliyimizin bərpasına və möhkəmlənməsinə böyük töhfə vermiş oldu.

Konfrans iştirakçıları 2018-ci ildə “Azərbaycan Xalq Cumhuruyyətinin 100 illiyi” yubiley medalının təsis olunmasını, bu medalın Azərbaycandan kənarda yaşayan soydaşlarımıza da təqdim olunmasını Azərbaycan dövlətinin Cümhuriyyətə və onun  varislərinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.

Diqqəti Şuşada keçirilən festivala yönəldən soydaşlarımız qeyd ediblər ki,  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim olunması, Azərbaycanın qeyri-maddi mədəni irsinin dünya səviyyəsində təbliğ olunması istiqamətində Heydər Əliyev Fondunun, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  xidmətləri xüsusi önəm kəsb edir. Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində tarixi Zəfər münasibəti ilə keçirilən “Xarı bülbül” musiqi festivalı bir daha sübut etdi ki, Azərbaycan burada yaşayan hər kəsin bölünməz Vətənidir.

Azərbaycan Xalq Cümhuriyyəti ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya bildirib ki: “Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”. Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkirin nəslinin davamçısı Timsal Qarabəkir Kazım bəyin hərbi fəaliyyətinin Naxçıvanla bağlı dövrünü bir daha xatırladıb, türk bayraqlarının dünyada əbədi dalğalanacağına böyük inamını ifadə edib, Qarabağın azadlığı münasibətilə hər kəsi təbrik edib. Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva da Azərbaycana sevgisini ifadə edib, dünya azərbaycanlılarına əbədi birlik arzulayıb.

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğuna görə bu il Respublika günü bütün azərbaycanlılar üçün   ikiqat bayramdır” deyən soydaşlarımız böyük fəxarət hissi ilə bildiriblər ki, heç bir kənar iradəyə tabe olmadan müstəqil siyasət aparan Azərbaycan kimi qüdrətli bir dövlətimiz var, “Qarabağ Azərbaycandır!” şüarı dəyişməz həqiqəti ifadə edir və dünya artıq bu reallığı qəbul edib. Hər birimiz bundan sonra da ölkəmizi sevə-sevə təbliğ edəcək, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində dəstəyimizi əsirgəməyəcək, Vətən savaşında qazandığımız tarixi Zəfərin möhkəmləndirdiyi diaspor həmrəyliyini var gücümüzlə qoruyacağıq.

Konfrans boyu Cümhuriyyətdən Respublikaya qədər böyük bir dövrü əhatə edən videorolik nümayiş olunub, birliyə çağırış musiqiləri səsləndirilib.

Bu yazılara da göz atın...