Home ARAŞDIRMA Şər imperiyasının dünyaya YENİ TƏHDİDİ – Putin kimin dişlərini QIRMAQ İSTƏYİR? / ARAŞDIRMA

Şər imperiyasının dünyaya YENİ TƏHDİDİ – Putin kimin dişlərini QIRMAQ İSTƏYİR? / ARAŞDIRMA

by admin
158 views

Siyasi ekspert Kamal Əliyev

ABŞ-ın keçmiş dövlət katibi olan Mədln Olbrayt bir dəfə demişdi ki, Sibirdəki təbii resurslardan ancaq Rusiya yararlanmamalıdır. Düzdür, sonralar xanım Olbrayt bu sözünü inkar etdi. Lakin ox yaydan çıxmışdı və ruslar bu sözü göydə tutmuşdu.

Avtoritar liderlərin ən çox istifadə etdiyi üsullardan biri də təbəələri “vətən”, “millət” kimi qavrayışların ətrafında maksimum konsolodasiya etməkdir. Avtoritar və totalitar cəmiyyətlərdə “xarici müdaxilə”, “üst ağıl”, “massonlar” kimi sözlərdən çox istifadə edilməkdədir. Şərq cəmiyyətlərində bu, deyərdim ki, rutin siyasi frazalardır.

Putin ötən gün rəhbərlik etdiyi “Qələbə” komitəsinin iclasında yenə də hədələdi, kükrədi. Hətta bu dəfə rus çarı 3-cü Aleksandrdan istifadə etdi. Çar Aleksandr deyirdi ki, Rusiyanın böyüklüyündən hamı dəhşətə gəlir və ona görə də ölkəsinin dostu yoxdur. Putinin çıxışındakı bir cümlə diqqətimi çəkdi. O, belə dedi: “Hamı bizi dişləmək və dişlədiyi yerdən bir parça ət qoparmaq istəyir”.

Vurğulayım ki, Vladimir Vladimiroviç bu dəfə olduqca aqressiv idi. Hətta deyim ki, ABŞ prezidenti Bayden bir müddət əvvəl ona “qatil” deyərkən, Putin heç bu qədər qəzəbli deyildi. Görünür, Putin daxili auditoriyaya oynayır. Çünki, Rusiyada ciddi iqtisadi staqnasiya davam edir, neftin qiyməti qalxmır. Belə olan halda, Putin kimi avtoritar siyasətçi tribunalara oynamağı seçir. Putin deyir ki, xaricdən gələn təhdidlərə boyun əyməyəcəklər və ölkəsinin parçalanacağı beyhudədir.

Şübhəsiz, Putin ağıllı strateqdir və hakimiyyətinə qarşı təhdidlərin olduğuna əmindir.

Müxalif bloqer Aleksey Navalnı mövzusu, Baydenin ABŞ prezidenti seçilməsi, Ukrayna ilə yaşanan xaos Putin hakimiyyətinin əsaslarını sarsıtmaqda davam edir. Hətta təsadüfi deyil ki, Putin Rusiyaya “dost” olmayan ölkələri bir kateqoriyaya salır. Təbii ki, bunlar daha çox şərqi Avropa ölkələridir. Rusiya həmişə bacardıqca post-sovet məkanında etnik konfliktləri dondururdu.

Etiraf edək ki, ruslar kimi dünyada heç kim münaqişələri uzun müddətə dondura bilmir.

Biz yenə də qayıdaq Putinin “Qələbə” komitəsinin iclasındakı çıxışına. Putin deyir ki, Sibirdəki zəngin təbii resurslar həmişə rus xalqının olacaq. Əslində, bunu inkar edən də yoxdur. Rusiya ərazisinə görə də, dünyanın ən böyük və təbii ehtiyatlarına görə də ən varlı ölkəsidir. Ancaq birdən-birə ABŞ-ın keçmiş dövlət katibi Olbraytın dediyi sözlərin gündəmə gətirilməsi timing (zamanlama) nöqteyi-nəzərindən maraqlıdır. Sanki Putin gələcəkdə Rusiyada yarana biləcək sosial etirazların qarşısını almaq üçün özünü sığortalayır.

Putin elə bir siyasi personadır ki, post-sovet məkanında baş verənlərdə ən çox özünü “məsuliyyətli” hesab edir.

Məncə, Putin keçmiş sovet məkanındakı ailə hakimiyyətlərinin,avtoritar rejimlərin ən böyük hamisi kimi məsuliyyət daşıyır. Putin əmindir ki, keçmiş sovet respublikalarında demokratik rejimlərin bərqarar olması, onun hakimiyyətinin tənəzüllündən asılıdır. Rusiyanın taleyi zənnimcə hər hansı xarici faktordan asılı deyil. Bu şər imperiyasının qədəri birmənalı olaraq daxili faktordan, daxili oyanışdan keçir.

Təbii ki, Putin də bu həqiqətin fərqindədir – lap elə keçmiş sovet liderləri kimi.

KAİM.az

Bu yazılara da göz atın...