Home ARAŞDIRMA Rusiya müstəqil ölkələri öz ərazisi hesab edir – Putin yenə hədələdi

Rusiya müstəqil ölkələri öz ərazisi hesab edir – Putin yenə hədələdi

by admin
6 views

Prezident Vladimir Putin Rusiyanın imperialist niyyətlərinin hələ də ciddi və güclü olduğunu sezdirir; onun “Sovet İttifaqı tarixi Rusiyadan başqa bir şey deyildi” deməsi postsovet ölkələri üçün açıq məzmunlu təhdiddir…

MDB məkanında Rusiya faktorunun təsir gücü inkaredilməz reallıqdır. Yəqin ki, hələ uzun müddət elə belə də olacaq. Hətta artıq Avropa Birliyi və ya NATO çətiri altına sığınmağa imkan tapmış postsovet ölkələri belə, bu faktorun təsirindən tam xilas ola bilməyiblər. Və bu, istənilən halda, Rusiya faktorunu nəzərə almaq məcburiyyəti yaradır.

Ancaq Rusiya ilə bağlı daha bir önəmli məqam mövcuddur. Rusiya faktorunu nəzərə alarkən, bu superdövlətin dost və ya düşmən olması barədə birmənalı qərar vermək çox çətindir. Ümumiyyətlə, Kreml ilə “ortaq təmas nöqtəsi”nin tapılması kifayət qədər qəliz məsələdir.

Məsələ ondadır ki, MDB dövlətləri üçün Rusiya ilə düşmən olmaq çox təhlükəli seçimdir. Dostluq cəhdlərinin baş tutması isə İlk növbədə Kremlin geopolitik hədəflərindən asılıdır. Və ona görə də bütün bunlar qonşu ölkələrdən daha çox Rusiyanın imperialist maraqlarına bağlıdır.

map1.png (415 KB)

Maraqlıdır ki, Kremlin demək olar ki, bütün postsovet ölkələri ilə ciddi problemləri mövcuddur. Üstəlik, həmin problemlərin nizamlanması böyük ölçüdə qarşı tərəfin suverenliyini təhdid edir. Yəni, problemin olmaması üçün qarşı tərəf öz müstəqilliyini məhz Rusiyaya güzəştə getməlidir.

Rusiya demək olar ki, postsovet məkanı ölkələrinin hamısına qarşı ərazi iddiaları irəli sürür. Hazırda bu məsələ ilə bağlı ən ciddi problemlər Ukrayna ilə yaşanır. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib, Rusiyaya birləşdirib. Eyni zamanda, Donbas bölgəsini də separatizmi gücləndirməklə, gələcək ilhaq prosesi üçün hazır vəziyyətə gətirib.

Sırada Qazaxıstan da var. Kreml hələlik bəzi siyasətçilərin və deputatların dili ilə Qazaxıstana qarşı ərazi iddialarını gündəmdə saxlayır. Qazaxıstan və Ukraynanın olduğu siyahıya Moldovanı, Gürcüstanı da əlavə etmək olar.

Ermənistan isə tamamilə fərqli problemdir. Kremldə bu ölkənin suverenliyinə formal məsələ kimi yanaşdıqlarını qətiyyən gizlətmirlər. Ermənistana Rusiya ilə münasibətlərdə for-postdan artıq rol təsəvvür etmirlər. Hətta bu barədə düşünməyi belə, özlərinə rəva bilmirlər.

rus-azeri.jpg (212 KB)

Məsələnin maraqlı tərəfi də elə budur. Çünki, Ermənistanda Rusiyanın mövqeyini tam dəqiqliyi ilə bilirlər. Üstəlik, bundan narazı olduqlarını da imkan daxilində ehtimala da olsa, sezdirməyə çalışırlar. Halbuki bu, həmişə Ermənistanı ziyana salır.

Vaxtilə Paşinyan hakimiyyəti Rusiya əleyhinə xarici siyasət kursuna üstünlük verirdi. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmağa çalışırdı. Nəticədə Kreml tərəfindən sərt şəkildə cəzalandırıldı.

Azərbaycan qarşısında təkbaşına buraxılan Ermənistanın biabırçı hərbi məğlubiyyətindən sonra rəsmi İrəvan yenidən Rusiyaya sığınmaq məcburiyyətində qaldı. Paşinyan hakimiyyəti Ermənistanı yenidən “xilaskar Rusiyaya minnətdarlıq” taktiki mövqeyinə çəkməli oldu.

Ancaq Kremldə ermənilərə artıq güvənmirlər. ABŞ dəstəkli Paşinyan hakimiyyətinin hər an xəyanətə hazır olduğunu nəzərə alırlar. Və ona görə də, “xilaskar Rusiyaya minnətdarlıq” taktikası hələlik Ermənistana o qədər də ciddi fayda verməyib.

Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətində qıcıq yaradır. Ermənilərin Rusiya əleyhinə olan əhval-ruhiyyəsini daha da gücləndirir. Və Kremlə qarşı ənənəvi narazılıq yenidən ön plana çıxır.

muharibe-putin.jpg (67 KB)

Erməni politoloqlar hesab edirlər ki, Rusiyanın davranışları Ermənistana qarşı “geopolitik işgəncə” xarakteri daşıyır. Onların fikrincə, Kreml bilərəkdən Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq siyasəti yürüdür. Əsas məqsəd əvvəl-axır Ermənistanı öz suverenliyindən imtinaya məcbur buraxmaqdır.

Əlbəttə, Rusiyanı erməni politoloqların fikirləri üzərindən xarakterizə etmək də doğru olmazdı. Çünki ermənilər ənənəvi olaraq, “xəyanət toplumu” olduqlarını artıq çoxdan sübut ediblər. Ona görə də, Kremlin Ermənistan siyasətinin birmənalı şəkildə Rusiyanın maraqları üzərində qurulması tamamilə başadüşüləndir.

Ancaq erməni politoloqların nəzərə almadığı önəmli bir məqam da var. Rusiya Ermənistanı sadəcə, öz suverenliyindən imtinaya məcbur etmək niyyəti ilə kifayətlənmir. Kreml əslində, Ermənistanı hazırda Rusiyanın qeyri-rəsmi ərazisi hesab edir. Və Paşinyan hakimiyyətindən əsas gözləntisi də məhz bunun rəsmiləşdirilib, hüquqi qüvvə ilə möhkəmləndirilməsidir.

Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, Rusiyanın xarici siyasət kursunda imperialist hədəflər xüsusi yer tutur. Kreml keçmiş Rusiya imperiyasının ərazisinə tam nəzarəti nə vaxtsa yenidən bərpa edəcəyinə ümidini qətiyyən itirməyib. Bu səbəbdən də Kreml postsovet ölkələrinə münasibətdə dostluq və bərabərhüquqlu əməkdaşlıq mövqeyindən kifayət qədər uzaqdır. Əksinə, həmin ölkələrin böyük əksəriyyətinə yaxın gələcəkdə Rusiyanın tərkibinə qata biləcəyi coğrafi ərazi kimi yanaşır.

Putin-Sovet-dörünə-adi-bannerə-baxır-Alexei-Nikolsky-AP-Photo-750x533.jpeg (47 KB)

Maraqlıdır ki, bu siyasətin əlamətləri yalnız Kremlə yaxın bəzi siyasi dairələrin və deputatların Rusiyanın qonşu ölkələrə ərazi iddialarını dilə gətirmələri ilə məhdudlaşmır. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin də Kremlin əsas prioritet hədəflərini gündəmə gətirməklə, Rusiyanın imperialist niyyətlərinin kifayət qədər ciddi və güclü olduğunu sezdirir.

Bu baxımdan, Kreml sahibinin son açıqlaması məzmun etibarilə ilə narahatlıq doğura bilər: “Sovet İttifaqı tarixi Rusiyadan başqa bir şey deyildi. Düzdür, həmin dövlət fərqli adlanırdı və ideoloji məzmun da eyni deyildi. Ancaq geopolitik nöqteyi-nəzərdən Sovet İttifaqı birmənalı şəkildə tarixi Rusiya idi”.

Göründüyü kimi, Kreml sahibi olduqca açıq mətnlə ciddi mesajlar verib. Prezident V.Putin demək istəyir ki, bu gün özünü postsovet ölkəsi hesab edən dövlətlərin ərazisi Rusiyaya məxsusdur. Və bu, postsovet dövlətlərinə yönəlik dolayısı təhdid də sayıla bilər.

Məsələ ondadır ki, Kremlin rəisi bu açıqlamanı sadəcə, öz tarix bilgisini göstərmək üçün dilə gətirməyib. Əksinə, prezident V.Putin bu açıqlama ilə Rusiyanın imperialist hədəflərindən qətiyyən uzaqlaşmadığını sezdirir. Üstəlik, Kremlə qarşı çıxa biləcək postsovet ölkələrinə xəbərdarlıq edərək, hədələmiş olur. Bu baxımdan, postsovet ölkələri öz yaxın gələcək hədəflərində Rusiyanın imperialist niyyətlərini nəzərə almaq məcburiyyətində qala bilərlər.

Elçin XALİDBƏYLİ

Bu yazılara da göz atın...