Home ARAŞDIRMA Rəsmi Bakını Ermənistanda kimin qələbəsi MƏMNUN EDƏR? – Azərbaycana qarşı “yan” təsirlər VARMI?

Rəsmi Bakını Ermənistanda kimin qələbəsi MƏMNUN EDƏR? – Azərbaycana qarşı “yan” təsirlər VARMI?

by admin
4 views

Ermənistanın hərbi-siyasi və maliyyə-iqtisadi iflası dərinləşir; Nikol Paşinyan, Robert Köçəryan və Levon Ter-Petrosyan hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanın şərtlərini qəbul edəcəklərini gizlətmirlər…

Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələr arasında gərginlik və qarşıdurma da artır. Ermənistan cəmiyyəti hazırda daha çox siyasi qüvvələr arasındakı qarşılıqlı ittihamların təsiri altındadır. Və bütün ittihamların məzmunu əsasən Ermənistanın bir dövlət kimi gələcək taleyinə vurulan ağır zərbələrlə bağlıdır.

Azərbaycan və Türkiyə ilə normal münasibətlərin tərəfdarı olan Paşinyan hakimiyyəti və onun seçkiyə qatılacaq təmsilçiləri Ermənistana xəyanətdə suçlanır. Xüsusilə də, baş nazir Nikol Paşinyan 44 günlük savaşda Ermənistanı biabırçı məğlubiyyətə düçar etməkdə ittiham olunur. Bu baxımdan, mövcud hakimiyyət seçkilərə “məğlub Ermənistanın memarı” statusunda gedir.

Ancaq baş nazir N.Paşinyan biabırçı hərbi məğlubiyyətin siyasi-mənəvi məsuliyyətini təkbaşına çəkmək niyyətində deyil. Onun fikrincə, hərbi məğlubiyyət ondan əvvəl uzun illər hakimiyyətdə olan Köçəryan-Sarkisyan klanının dağıdıcı fəaliyyəti və Ermənistanı fəlakətli duruma salmasının nəticəsidir. Bu səbəbdən də, Köçəryan-Sarkisyan klanı sadəcə, onu günahlandırmaqla, məsuliyyətdən yaxasını kənara çəkə bilməz.

1603225790_img_20201021_002918_441.jpg (99 KB)

Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da baş nazir N.Paşinyanla təxminən eyni mövqedən çıxış edir. Düzdür, o, Paşinyan hakimiyyətinin öz mövqelərini qoruyacağı təqdirdə, Ermənistanın daha da ağır vəziyyətə düşə biləcəyini də iddia edir. Ancaq bununla belə, L.Ter-Petrosyan da hərbi məğlubiyyətin əsas səbəblərinin Köçəryan-Sarkisyan klanının hakimiyyəti dönəmində gizləndiyini düşünür.

Təbii ki, L.Ter-Petrosyanın bu mövqeyi daha çox seçkiyə indeksləşmiş siyasi maraqlardan qaynaqlanır. Çünki o, bir müddət öncə Robert Köçəryana və Serj Sarkisyana seçkiyə vahid blok şəklində qatılmağı təkif etmişdi. Böyük ehtimalla bu təklif əsasən onun dəstəklənməsi üzərində qurulduğundan hər iki tərəfdən etirazla qarşılanmışdı. İndisə, L.Ter-Petrosyan həm Paşinyan hakimiyyətini, həm də Köçəryan-Sarkisyan klanını hədəfə alıb.

Qarabağ klanını təmsil edən yeganə iddiaçı R.Köçəryanın isə əsas hədəfi məhz Paşinyan hakimiyyətidir. Bir çox hərbi cinayətlər törətmiş keçmiş prezident hesab edir ki, Ermənistan cəmiyyətinin bu seçkilərdə tək məqsədi məhz Paşinyan hakimiyyətini siyasi səhnədən silmək olmalıdır. Əks halda, Ermənistan dövləti ümumiyyətlə, regionun xəritəsindən silinə bilər:

“Nikolun dəstəsinə yalnız intellektsiz seçicilər səs verəcək”.

Göründüyü kimi, kifayət qədər amansız siyasi mübarizə mövcuddur. Hələlik onlardan hansının qalib gələ biləcəyi ilə bağlı yekun fikir bildirmək bir qədər tezdir. Və bu məsələdə, yalnız erməni seçicilərin deyil, daha çox xarici faktorların təsirləri həlledici xarakter daşıya bilər.

yurush-pash00-33-1583395627.jpg (20 KB)

Məsələ ondadır ki, ABŞ və Qərbin Paşinyan hakimiyyətinin davamlı olmasına üstünlük verdiyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, baş nazir N.Paşinyanın özünü daha inamlı hiss etdiyi ehtimal olunur. Halbuki bunun natamam, seçki qələbəsinə tam təminat verməyən bir inam olduğu da məlumdur.

Hər halda, bu seçkilərdə Rusiya və Azərbaycan faktoru da iştirak edir. Üstəlik, iddiaçıların şanslarına ABŞ və Qərbdən daha çox təsir göstərir. Azərbaycanın atdığı hər bir strateji addım Ermənistanda keçiriləcək növbədənkənar seçki prosesinə birbaşa təsir edir.

Belə ki, rəsmi Bakının atdığı addımlar, xüsusilə də, Zəngəzur məsələsi erməni iddiaçıların şanslarını ya artırır, ya da aşağı çəkir. Ona görə də, seçkidə iştirak edən siyasi qüvvələr Azərbaycana münasibətdə mümkün qədər ehtiyatlı davranmağa üstünlük verirlər. Vaxtaşırı populist açıqlamlar versələr də, rəsmi Bakını qıcıqlandırmaqdan da çəkinirlər.

Rusiyaya gəldikdəsə, adətən, Ermənistanda hakimiyyətlərin taleyini həll etməyə vərdişli olan Kremlin bu dəfə hansısa siyasi qüvvənin arxasında dayandığını birmənalı iddia etmək bir qədər çətindir. Düzdür, R.Köçəryanın seçki bloku Rusiyaya ən yaxın və sadiq siyasi qüvvə hesab olunur. Ancaq bu siyasi qüvvə Ermənistanda öz sosial bazasını ciddi şəkildə itirdiyindən, onun hakimiyyətinin davamlı ola biləcəyinə Kremldə də əmin deyillər.

Paşinyan hakimiyyətinə isə Rusiyanın siyasi dairələrində qətiyyən güvənmirlər. Onun hər an Rusiyanın maraqlarına xəyanət edə biləcəyinə artıq dəfələrlə əmin olublar. Bununla belə, Ermənistanın indi üzləşdiyi çıxılmaz vəziyyətdə Paşinyan hakimiyyəti də Rusiyadan tamamilə asılı duruma düşdüyündən, Kremlin hansısa dəyişikliklə, yeni “geopolitik macəra”ya həvəsli olmadığı da müşahidə edilir.

9929fc21-164c-4beb-9c30-853d448afe49.jpg (16 KB)

Ona görə də, iddiaçıların hansı dövlətə nə qədər sərfəli ola biləcəyi də hazırda kifayət qədər mübahisəli məsələdir. Halbuki, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Kremlin Ermənistanın daxili işlərinə qarışmasığını iddia edir. Onun fikrincə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi Rusiya üçün elə bir prinsipial əhəmiyyət daşımır.

Təbii ki, ermənipərəst rus deputat bu məsələdə yumşaq desək, səmimi deyil. Bu, onun açıqlamasının ümumi məzmunundan da aydın olur. Belə ki, K.Zatulin iddia edir ki, Azərbaycana baş nazir N.Paşinyanın hakimiyyətdə qalması daha sərfəlidir:

“Paşinyan hakimiyyətinin siyasi mövqeləri çox zəifdir. Azərbaycan ona istənilən şərti qəbul etdirməkdə çətinlik çəkməyəcək”.

Əlbəttə ki, K.Zatulinin bu açıqlaması daha çox Rusiyaya sadiq qüvvələrin, xüsusilə də, Köçəryan blokunun qələbə şanslarının artırılmasına hesablanıb. Çünki hər hansı siyasi qüvvənin Azərbaycan qarşısında təslimçi obrazının yaradılması onun qazanacağı seçici səslərini də azalda bilər. Və bu baxımdan, K.Zatulinin Paşinyan hakimiyyətinin siyasi rəqibləri üçün PR qurmaq cəhdləri qətiyyən diqqətdən yayınmır.

Ancaq rus deputatın nəzərə almadığı önəmli bir məqam da var. Belə ki, hazırda sadəcə, Paşinyan hakimiyyətinin zəif olmasından danışmaq tamamilə yersizdir. Çünki bütövlükdə Ermənistan bir dövlət kimi çox zəifdir və hətta onun mövcudluğu ətrafında müzakirələr açmaq da mümkündür. Və hakimiyyətdə hansı siyasi qüvvə olsa da, Ermənistan Azərbaycanın diqtə etdiyi şərtlərlə hesablaşmaq məcburiyyətindədir.

1530097452_w.jpeg (251 KB)

Əslində, elə R.Köçəryan da öz açıqlaması ilə müəyyən mənada, rus deputatın iddialarını əhəmiyyətdən salıb. Onun fikrincə, hazırda Qarabağ məsələsinin yenidən hərbi yolla həllinə cəhd göstərmək mümkün deyil:

“Bundan sonra siyasi-diplomatik müzakirələr əsas istiqamət ola bilər. Ermənistan hazırda elə bir vəziyyətdədir ki, hərbi imkanlardan danışmaq yersiz görünür. Ümumiyyətlə, indi belə mövzulardan danışılmasını doğru hesab etmirəm”.

R.Köçəryan hesab edir ki, Ermənistan olduqca uğursuz və çıxılmaz vəziyyətdədir. Onun fikrincə, mövcud şərtlər Ermənistanın hər şeyə sıfırdan başlamalı olduğunu göstərir. Və bu, hakimiyyətə iddialı bir siyasətçinin pessimist əhval-ruhiyyəsi olmaqla yanaşı, Azərbaycanın diqtə edəcəyi şərtlərə onun elə bir ciddi müqavimət göstərməyəcəyini də nümayiş etdirir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan üçün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə sahiblənəcəyi o qədər də böyük əhəmiyyət daşımır. Çünki Ermənistanda kim hakimiyyət gəlsə, mütləq rəsmi Bakının şərtlərini qəbul etməli olacaq.

Ermənistanın indiki maliyyə-iqtisadi və hərbi-siyasi iflas durumunda bu reallıqdan yayınmaq üçün elə bir ciddi imkanları yoxdur. Bu baxımdan, Ermənistanda hakimiyyətə gələcək erməninin familiyasının “yan” ilə yekunlaşacağı şübhə doğurmasa da, onun hər hansı “yan” təsirləri gözlənilmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bu yazılara da göz atın...