Home ARAŞDIRMA ABŞ ermənilərin son ümidini də qırır – Vaşinqton əqrəbləri İrəvanla yox, Bakı ilə tutuşdurur

ABŞ ermənilərin son ümidini də qırır – Vaşinqton əqrəbləri İrəvanla yox, Bakı ilə tutuşdurur

by admin
7 views

Erməni revanşistlərin Amerika arzusu puç olur: Ağ Ev Azərbaycanın yaratdığı gerçəyi qəbul edir – postkonflikt dönəmi üçün mühüm gəlişmə; Bakı “kozırlarını” işə salır…

Azərbaycan-ABŞ münasibətləri sahəsində maraqlı, eyni zamanda, hər iki tərəfin maraqlarına cavab verən ciddi irəliləyişlər var. Məsələn, hazırda “Amerika Xəzər Siyasəti Mərkəzi”nin (“American Kaspian Polisy Ceünter”) nümayəndə heyəti ölkəmizdə səfərdədir. Heyətə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Efqan Nifti, Mişel Repass, Roger Kanqas və Jeremi Kohen daxildir.

Artıq onlar “Cümə məscidi” də daxil olmaqla, işğaldan azad edilən Ağdamı ziyarət edib, erməni vandalizminə həsr olunmuş fotostendlə tanış olublar. Robert Sekuta jurnalistlərlə açıqlamasında Ağdamda gördüklərindən sarsıldığını bildirib və əlavə edib: “Bir neçə gün əvvəl mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin iştirakı ilə aparılan müzakirələr zamanı Prezident İlham Əliyevdən ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasında və sülhün möhkəmlənməsində necə yardımçı rolu oynaya biləcəyi haqda soruşdum. Əlbəttə ki, buna zaman lazım olacaq. Çünki bu iş səbir tələb edir. Lakin biz istəyirik ki, Azərbaycan və Ermənistan arasında etibarlı barışıq olsun, onlar buna layiqdir”.

Doğrudur, bu, ABŞ-ın Qarabağdakı münaqişədən sonrakı həll prosesinə qoşulmasını göstərən rəsmi açıqlama deyil. Hər halda Sekuta indi Amerika diplomatiyasında rəsmi bir vəzifə tutmur. Ancaq siyasi müşahidəçilərə görə, keçmiş səfirlər vaxtaşırı tərəflər arasında əvəzolunmaz “yarı-rəsmi kommunikasiya” vasitəsi sayılırlar – xüsusən də o məsələlərdə ki, orada səhv etmək olmaz.

*****

Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” - İlham Əliyev

“Yeni Müsavat” bu xüsusda xatırladır ki, ötən həftə İlham Əliyev konfransdakı məlum çıxışında ölkəmizin ABŞ silahları əldə eləmək istədiyini bildirmiş və buna əsas əngəl kimi Qarabağ konfliktinin artıq tarixdə qaldığına diqqət yönəltmişdi. Əlavə olaraq, Azərbaycan Ermənistan kimi KTMT-nin və ya hər hansı başqa hərbi blokun üzvü deyil ki, ABŞ silahları ilə bağlı hansısa başqa məhdudiyyətlə də üzləşsin. Bakının dünya qiymətlərinə silah-sursat almaq üçün maliyyə potensialı da öz yerində. 

Üstəgəl, təxminən bir ay öncə dövlət katibi Entoni Blinken prezident Əliyevlə telefon danışığı zamanı Birləşmiş Ştatların Azərbaycana hərbi yardım da daxil, dövlət səviyyəsində istənilən növ köməyi qadağan edən “907-ci düzəliş”in daha bir il qüvvədən salındığını söyləmişdi. Yəni artıq tərəflər arasında hərbi-texniki əməkdaşlığa bloklayacaq heç bir motiv, maneə görünmür.

Bu yerdə bir faktı da yada salaq: 2018-ci ilin oktyabrında bölgədə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton İrəvanda Nikol Paşinyan hökumətinə Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla Rusiya orbitindən uzaqlaşmağı, qonşu Türkiyə və Azərbaycanla əlaqələri qaydaya salmağı, hətta “yüksək keyfiyyətli Amerika silahları” təklif eləmişdi. Təbii ki, o vaxt Paşinyanın ürəyindən keçsə də, Ermənistanın ABŞ silahları almaq üçün nə yetərli müstəqilliyi və siyasi iradəsi, nə də maliyyə resursu var idi. Elə indi də. Azərbaycan isə tam əksinə.

*****

Co Bayden İlham Əliyevə məktub yazıb | marja.az

Srağagün isə prezident Co Bayden İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda yazıb: “Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində ABŞ və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq. Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm”.

Göründüyü kimi, Ağ Evin yeni başçısı Azərbaycan liderinə göndərdiyi ikinci rəsmi məktubunda qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafına mühüm dəyər verilir və orada “artsax” mövzusunda erməniləri ruhlandıracaq heç bir məqam yoxdur. Yalnız sülhə, danışıqlara kömək vədi, vəssalam. Başqa sözlə, Vaşinqton Azərbaycanın 44 günlük savaşdakı qələbəsi ilə, bölgədəki yeni reallıqla faktiki barışmış kimidir.

Bütün bu jestlər və reveranslar əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələrində poztiv gəlişmələrdən xəbər verir və Bayden dönənində bu əlaqələrin dinamik inkişaf tapacağı qənaətini möhkəmlədir. Eyni zamanda, Ermənistanda ABŞ-a bəslənən qara ümidləri, o sırada revanşizmlə bağlı qurulan planları alt-üst edir.

Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələ

Aydın olur ki, rəsmi Vaşinqton bütövlükdə radikal erməniliyin cılız hədəfləri naminə nə regionun əsas (açar) və vazkeçilməz ölkəsi Azərbaycanla, nə də NATO üzrə mühüm tərəfdaş ölkə, son illər silah alıcısından silah satıcısına, regional supergücdən qlobal gücə çevrilən Türkiyə ilə münasibətləri korlamaq niyyətində deyil – hətta Bayden az öncə “soyqırım” deyəndən sonra da. Gözlənildiyi kimi, Ağ Ev regionda saat əqrəblərini İrəvanla yox, Bakı və Ankara ilə tutuşdurur…

*****

Deyəsən bunu yavaş-yavaş Ermənistanda da anlamağa başlayıblar. Onu da dərk eləməyə başlayıblar ki, indi Ermənistandakı siyasi gündəmi belə, Bakı diktə edir – əlindəki yeni və çox mühüm “kozırlarla”.

“Ermənistan Qarabağ üzərində nəzarəti itirəndə və kapitulyasiya etmək məcburiyyətində qalanda bütün dünya erməniləri küçələrə çıxdılar, etiraz aksiyaları keçirdilər, qışqırdılar, bağırdılar, amma az vaxt keçdi və hamı başa düşdü, dərk etdi, ermənilər reallığı qəbul etməyə məcbur oldu. İndi Ermənistanda heç kim “arsax”ı xatırlamır, çünki yeni mövzu var.

Bu barədə erməni siyasi şərhçi Arutyun Avetisyan yazıb (Axar.az). Onun sözlərinə görə, indi ermənilərin tam olaraq fikri Zəngəzur ətrafında baş verən hadisələrə yönəlib: “Ermənistanda yenə də Azərbaycan anklavlarının mövzusuna etiraz edənlər çoxdur. Bir müddət sonra hər kəs bunu da unudacaq. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq”, – deyə erməni ekspert qeyd edib.

Başqa bir erməni politoloqu Qrant Məlik-Şahnazaryan öz Feysbuk səhifəsində yazıb: “Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dediyinə görə, guya onun sələfləri Ermənistan adlanan müstəqil dövləti məhv ediblər. Bu, əlbəttə ki, yalandır. Ermənilərin heç vaxt müstəqil və özünü tanıyan dövləti olmayıb. Ter-Petrosyan erməni dövlətinin dağıdıldığını söyləyərkən yalanlar uydurur. Belə şey yox idi. Ermənistan həmişə asılı bir dövlət olub. Bizim heç vaxt müstəqil dövlətimiz olmayıb – nə yaxşı, nə də pis mənada”.

Onun qənaətincə, bu gün Ermənistanda çoxları əmindir ki, ermənilər Qarabağ torpaqlarını Azərbaycana çoxdan qaytarmalı idilər: “Hətta mənə yaxın adamlar da deyirlər ki, biz bu torpaqları Azərbaycana qaytarmağa məcbur idik”, – deyə Məlik-Şahnazaryan qeyd edib.

Ancaq Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Şərin yarısından qayıtmaq da xeyirdir”. Erməni xalqı heç olmasa, bunu bacaracaqmı?..

KAİM.az

Bu yazılara da göz atın...