Ərdoğanla Baxçalı arasında kritik görüş – Türkiyə-Azərbaycan xəttindəki gərginlik fonunda diqqətlər Ankaraya yönəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında mühüm görüşün keçiriləcəyi açıqlanıb.
Xeberleraz.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran görüşün bu gün, oktyabrın 27-də, yerli vaxtla saat 14:00-da Prezident Kompleksində nəzərdə tutulduğunu bildirib.
Bu görüş son günlər Türkiyədəki bəzi siyasi və dini dairələrin Azərbaycana qarşı təxribat xarakterli açıqlamaları və iki ölkə arasında yaranmış siyasi gərginlik fonunda xüsusi diqqət çəkir.
Xatırladaq ki, oktyabrın 23-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov MHP sədri Dövlət Baxçalını partiyanın Ankaradakı baş qərargahında ziyarət edib. Görüş zamanı Türkiyə-Azərbaycan qardaşlığı və iki dövlət arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.
Baxçalı son günlər Azərbaycana qarşı səsləndirilən açıqlamalara münasibət bildirərək ölkələrin suverenliyinə, müstəqilliyinə və daxili qanunvericiliyinə hörmət edilməsinin vacibliyini xüsusi vurğulayıb.
MHP lideri Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin gündəlik siyasi fikir ayrılıqlarından üstün olduğunu, iki qardaş dövlət arasında qarşılıqlı etimadın qorunmasının zəruriliyini bəyan edib.
Qeyd edək ki, oktyabrın 21-də Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı da aparıb. Tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyəyə səfərə dəvət edib.
Belə bir siyasi şəraitdə Ərdoğanla Baxçalının görüşü Türkiyə-Azərbaycan münasibətləri baxımından da maraqla izlənilir. /Musavat.com