Bakı və Ankaranın arasını vura bilməyəcəksiniz! -Atilla Kayadan ŞOK XƏBƏRDARLIQ

Türkiyəli siyasətçi Atilla Kaya Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətindən, Qarabağ Zəfərinin tarixi rolundan və iki ölkə arasındakı əlaqələrə zərər vurmağa çalışan qruplardan danışıb. O, Azərbaycan Ordusunun qələbəsini yüksək qiymətləndirərək, iki qardaş ölkənin münasibətlərinin qorunmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Xeberleraz.com verir ki, Atilla Kaya bu fikirləri aparıcı Sevinç Telmanqızının təqdim etdiyi proqramda səsləndirib.

Kaya çıxışına Qarabağ Zəfərinin əhəmiyyətini vurğulamaqla başlayıb. O, Azərbaycan Ordusunun 30 illik işğala son qoymasını tarixi hadisə kimi dəyərləndirib və bu qələbənin dünya hərbi akademiyalarında öyrənilməyə layiq olduğunu bildirib.

Siyasətçi qeyd edib ki, Türkiyə ilə Azərbaycanın yanaşmaları nəticəsində son dövrlərdə yaranmış müəyyən gərginliyin aradan qaldırıldığı qənaətindədir. Onun sözlərinə görə, belə məqamlarda problemləri böyütmək əvəzinə, onların həllinə çalışmaq lazımdır.

“Yanğına körüklə gedilməz”, – deyə Kaya Türkiyədə işlədilən atalar sözünü xatırladaraq, iki ölkə arasındakı münasibətləri gərginləşdirən addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

O, baş verən hadisələrdən Türkiyə-Azərbaycan əlaqələrinə xələl gətirmək üçün istifadə etməyə çalışan şəxslərin və qrupların mövcud olduğunu iddia edib.

Türk Dövlətləri Təşkilatının qurucu baş katibi Halil Akıncının fikirlərinə də toxunan Kaya bildirib ki, türk dövlətləri arasında müəyyən çətinliklərin yaranması təbiidir. Əsas məsələ bu problemləri böyütmədən ortaq gələcəyə doğru birlikdə irəliləməkdir.

“Türkiyə-Azərbaycan münasibətlərinin pisləşməsindən kim faydalana bilər? Bu, kimin xeyrinədir, kimin marağındadır? Türkiyədə güclü Azərbaycanın olması Türkiyənin də güclü olması deməkdir. Azərbaycanın müstəqilliyi Türkiyənin müstəqilliyi deməkdir”, – deyə siyasətçi bildirib.

Atilla Kaya Türkiyədə özlərinin siyasi islamçı adlandırdığı bəzi qrupların Türkiyə Cümhuriyyətinin qurucu dəyərlərinə, milli dövlət və milli kimlik anlayışlarına qarşı mövqe sərgilədiklərini iddia edib. O, Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında keçirilən aksiyalarda da həmin qrupların iştirak etdiyini və təşkilatçılıq prosesində rol oynadığını bildirib.

Siyasətçi Türkiyənin müxtəlif siyasi partiyalarının nümayəndələrinin Azərbaycanla bağlı məsələlərdə səsləndirdikləri mövqelərə də diqqət çəkib. O, Milliyyətçi Hərəkat Partiyasının baş katibi Dövlət Bağçalının, Zəfər Partiyasının baş katibi Ümit Özdağın və İYİ Partiyanın baş katibi Müsavat Dərvişoğlunun açıqlamalarını xatırladıb.

Kayanın fikrincə, milliyyətçi və ülkücü qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, eləcə də ayrı-ayrı şəxslərin mövqeyi Türkiyə-Azərbaycan münasibətlərinə dair müzakirələrdə və Türkiyədə qərarverici dairələrə təsir baxımından əhəmiyyətli rol oynayıb.

Siyasətçi çıxışının sonunda iki ölkənin münasibətlərinə zərər vura biləcək addımlara qarşı diqqətli olmağın, mövcud problemləri dialoq yolu ilə həll etməyin vacibliyini vurğulayıb. //Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir